SİYASƏT
Batumidəki Azərbaycan vətəndaşları Baş konsulluqda yaradılan məntəqədə səs verirlər
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Batumidə yaşayan, təhsil alan və işləyən Azərbaycan Respublikası vətəndaşları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Baş konsulluqda səs verirlər. Səsvermə yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Batumidəki Baş konsulluğunda yaradılan seçki məntəqəsində başlayıb.
Baş konsul Rəşad İsmayılov AZƏRTAC-a bildirib ki, hazırda Batumidə 84 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır. Ancaq səsvermədə daha çox həmvətənimizin iştirak edəcəyi gözlənilir.
Konsulluğun foyesindəki stenddə seçicilərin siyahıları asılıb. Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğun təşkil olunub.
Səs vermək üçün konsulluğa gəlmiş Batumi Dövlət Universitetinin tələbəsi Şərqiyə Mehdiyeva burada yaradılmış şəraitdən razılıq edərək deyib: “Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə çox rahat və sərbəst şəkildə münasibət bildirdim. Azərbaycanlı tələbə yoldaşlarım da mənim kimi səs verirlər. Yaradılmış şəraitə görə konsulluğun əməkdaşlarına təşəkkürümüzü bildiririk. Biz gələcəyimizə səs verdik və inanırıq ki, bu dəyişikliklər doğma Vətənimizin daha da inkişaf etməsinə, dünya miqyasında mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”.
Qeyd edək ki, referendumla əlaqədar ölkəmizin Batumidəki Baş konsulluğunda 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 53 saylı seçki məntəqəsi yaradılıb. Məntəqədə səsvermə ilə əlaqədar bütün zəruri işlər görülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi