İDMAN
Batut üzərində fərdi tullanma yarışlarında Azərbaycan idmançısı bürünc medal qazanıb VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 21-də Milli Gimnastika Arenasında “Bakı-2015” birinci Avropa Oyunlarının batut üzərində fərdi tullanma yarışlarında Azərbaycan idmançısı İlya Qrişun (58,765) bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bu idman növündə birinci yeri rusiyalı Dmitri Uşakov (60,090) tutub. Belarus atleti Vladislav Qonçarov (59,380) gümüş medala sahib olub.
Qadınlar arasında isə birinci yerə rusiyalı Yana Pavlova (54,335) çıxıb. İkinci yeri Böyük Britaniya idmançısı Ketrin Driskol (53,910), üçüncü yeri isə Belarus atleti Anna Qorçenok (53,565) tutublar. Azərbaycan gimnastı Svetlana Makştaryova 5-ci yerdə qərarlaşıb.
Batut üzərində sinxron tullanma yarışlarında kişilərin mübarizəsində Rusiya idmançıları Mixail Melnik və Dmitri Uşakov (51,100) qələbə qazanıblar. İkinci yerə Belarus gimnastları Vladislav Qonçarov və Mixail Kazak (50,800), üçüncü yerə isə Almaniya atletləri Martin Qromovski və Kirilo Sonn (48,800) layiq görülüblər.
Qadınlar arasında yarışda birinci yeri rusiyalı Anna Kornetskaya və Yana Pavlova tutublar (46,400). Gümüş medalları Fransa idmançıları Marina Jurbert və Coel Velez (44,600), bürünc medalları isə Portuqaliya gimnastları Beatris Martins və Anna Rente (44,500) qazanıblar.