ELM VƏ TƏHSİL
Baxış-müsabiqə Gəncədə davam etdirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş, incəsənət sahələri üzrə baxış-müsabiqə Gəncə şəhərində davam etdirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin məqsədi gənc nəsli incəsənətin müxtəlif sahələri əsasında Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları aşkara çıxarmaqdır.
Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılır.
Münsiflər heyəti əvvəlcə Nizami Gəncəvi məqbərəsini və muzeyini ziyarət edib, Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yeni istifadəyə verilmiş binası və burada təhsil alan uşaqların yaradıcılığı ilə tanış olub.
Sonra Gəncə şəhərində fəaliyyət göstərən 33 ümumtəhsil və məktəbdənkənar təhsil müəssisəsində təhsil alan 11–17 yaşlı uşaq və gənclərin çıxışları dinlənilib. Münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 56, ifaçılıq üzrə yeddi nömrəyə baxılıb və qiymətləndirilib.
Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsi noyabrın 25-dən 30-dək Təsviri Sənət Qalereyasında aparılacaq.
İstedadlı uşaq və gənclərin müsabiqədə fərqlənən ən yaxşı nümunələrinin yekun baxışı və mükafatlandırılması dekabrın sonuna nəzərdə tutulur.
Müsabiqə Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçirilir.