İDMAN
Bayıl stadionunda futbol üzrə “3x3 qızlar turniri” keçirilmişdir
Bakı, 23 dekabr (AZƏRTAC). Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA ilə “UNICEF Azerbaijan”ın birgə yeni layihəsi həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə futbol üzrə “3x3 qızlar turniri” təşkil olunmuşdur.
Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmuşdur. Oyun zamanı hər komandanın heyətində meydana 3 futbolçu çıxmışdır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmuşdur.
Üç kateqoriya üzrə keçirilmiş turnirdə 50 komanda iştirak etmişdir. Komandaların heyətində meydana 240 qız çıxmışdır ki, onlardan 61 nəfəri futbola yeni başlayan, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmuşdur.
Elit kateqoriyasında “Qarabağ”, seniorların mübarizəsində UGİM-9, yuniyorların yarışında isə “Mingəçevir-3” komandası qalib adını qazanmışlar.
Turnir çərçivəsində iştirakçılar arasında penalti zərbələri üzrə yarış da təşkil olunmuşdur. Bu yarışın qalibi “Xəzər” kollektivinin futbolçusu Nərmin Əjdərli olmuşdur.