MƏDƏNİYYƏT
Bayram Salamovun Tolyattidə fərdi sərgisi açılacaq
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 19-da Tolyattidə rəssam Bayram Salamovun “Bayramın karvanı” adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Bayram Salamovun rəsmi saytında yer alıb. Sərgi “Rusiya Rəssamlar İttifaqı” Ümumrusiya Yaradıcı İctimai Təşkilatının Samara regional bölməsinin sərgi salonunda təşkil ediləcək.
Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. O, 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.