İQTİSADİYYAT
Bayram günlərində Bakı metrosunda iş rejimi tələbata uyğun qurulacaqdır VİDEO
Bakı, 28 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar yanvarın 6-dək elan edilmiş istirahət günlərində Bakı Metropoliteni xüsusi iş rejimində çalışacaqdır.
Metropolitenin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında bayram günləri üçün iş vaxtı və qatarların hərəkət cədvəli ilə bağlı məsələlər tam həllini tapmışdır.
Stansiyalarda növbətçilik və nəzarət sistemi də müvafiq tələblərə uyğun olaraq gücləndiriləcəkdir.
Xüsusən dekabrın 31-də sərnişin tələbatından asılı olaraq metropolitenin iş rejimində dəyişiklik də edilə bilər. Artıq ehtiyat qatarların ayrılması ilə bağlı qərar verilmişdir. Ehtiyac olarsa, metropoliten gecə saat 24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər.
Sonrakı istirahət günlərində isə qatarların hərəkəti ənənə üzrə istirahət və bayram günlərinə uyğun təşkil ediləcək və metronun işini sərnişin axını müəyyənləşdirəcəkdir. Həmin günlərdə də tələbat duyularsa ehtiyat qatarların xəttə buraxılması mümkün olacaqdır.