CƏMİYYƏT
Bayram günlərində əhali keyfiyyətli rabitə xidmətləri ilə təmin olunacaqdır VİDEO
Bakı, 27 dekabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı günlərində əhali rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin ediləcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bayram günlərində məsul növbətçilər təyin edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcəkdir.
Bu günlərdə abunəçilərin ev telefonlarının daimi işini təmin etmək məqsədilə, telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən açılmaması nəzərdə tutulmuşdur.