REGİONLAR
Baytarlıq Laboratoriyası: Daşkəsəndə aşkarlanan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib
Bakı, 29 aprel, AZƏRTAC
Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən “Elba” MMC-yə məxsus kəsim və emal müəssisəsində aşkarlanan ətlərin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aprelin 26-da Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikinə baxış keçirilib. Polis şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi “Hundai” markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürərək Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Laboratoriyada müayinələrin nəticəsinə əsasən Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlub olub. Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilib.
Həmçinin “Elba” MMC-yə məxsus kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib. Həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) barədə qanunvericiliyə uyğun tədbir görüləcək.
Dövlət Baytarlıq Nəzarəti Xidməti təəssüflə qeyd edir ki, buna baxmayaraq, “Elba” MMC-nin nümayəndəsi bəzi mətbuat orqanlarında düzgün olmayan informasiyalar yayır, yanlış fikir formalaşdırmağa çalışır.