REGİONLAR
Baytarlıq idarələri gücləndirilmiş iş rejiminə keçirlər
Bakı, 27 aprel, AZƏRTAC
Bakı, Mingəçevir və turizm infrastrukturunun inkişaf etdiyi Şəki şəhər, Qəbələ, İsmayıllı, Şamaxı və Qusar rayon baytarlıq idarələri mayın 1-dən iyulun 1-dək gücləndirilmiş iş rejimində çalışacaqlar.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov məlumat verib. O qeyd edib ki, ölkəmizdə birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. Əmrdə Bakı, Mingəçevir və turizm infrastrukturunun inkişaf etdiyi Şəki şəhər, Qəbələ, İsmayıllı, Şamaxı və Qusar rayon baytarlıq idarələrinə mayın 1-dən iyulun 1-dək gücləndirilmiş iş rejimində çalışmaları, Bakı şəhər Baytarlıq İdarəsinin və onun tabeliyində olan işçilərin işə davamiyyətinin təsdiq edilmiş “iş rejiminə” uyğun həyata keçirilməsi, mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün yerlərdə dövlət baytarlıq nəzarətinin gücləndirilməsi tapşırılıb.
Eyni zamanda, əmrdə ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda baytarlıq-sanitariya ekspertiza işlərinin keyfiyyətinin artırılması, mal bazarlarında, eləcə də kənd təsərrüfatı məhsulları satılan ticarət mərkəzlərində baytarlıq-sanitariya qaydalarına əməl edilməsinin təmin olunması, həmçinin əhali arasında baytarlıq maarifləndirmə işinin təşkili və həyata keçirilməsinin vacibliyi öz əksini tapıb.