İQTİSADİYYAT
Baytarlıq sahəsində əməkdaşlığa dair MDB Hökumətlərarası Şurasının iclasına hazırlıq gedir
Minsk, 31 yanvar, AZƏRTAC
MDB İcraiyyə Komitəsinin Moskva bölməsində baytarlıq sahəsində əməkdaşlığa dair MDB Hökumətlərarası Şurasının bu il fevralın 19-20-də Soçi şəhərində keçiriləcək iclasına hazırlığa həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC Birliyin İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamenti direktorunun müavini Ələddin Quluzadənin sədrliyi ilə keçən müşavirədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq departamentinin direktoru Svetlana Dresvyannikova, nazirliyin digər nümayəndələri, habelə MDB İcraiyyə Komitəsinin əməkdaşları iştirak ediblər.
Qarşıdan gələn iclasın Birlik ölkələrinin baytarlıq sahəsində qarşılıqlı fəaliyyətinin bir sıra mühüm məqamlarının müzakirəsini nəzərdə tutan gündəliyinin layihəsi razılaşdırılıb. Gözlənildiyinə görə, MDB Hökumətlərarası Şurasının üzvləri Birlik ölkələrində epizootik vəziyyəti qiymətləndirəcək və bir sıra təhlükəli heyvan xəstəliklərinin profilaktikasına və onlara qarşı mübarizəyə dair birgə tədbirlər kompleksini nəzərdə tutacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk