CƏMİYYƏT
Bazar günü “Kim? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan çempionu müəyyənləşəcək
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 11-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Kim? Harada? Nə zaman?” oyunu üzrə XI Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, çempionatın baş tərəfdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir.
Festivalın təşkilatçısı Azərbaycan İntellektual Klublar Assosiasiyasının üzvü olan “İçərişəhər” İntellektual Oyunlar Klubudur.
Çempion titulu uğrunda ölkənin 30 ən güclü komandası mübarizə aparacaq.
Yarışlarda Azərbaycanın ən güclü biliciləri, o cümlədən Bakının və Moskvanın “Kim? Harada? Nə zaman?” televiziya klublarının “ulduzları”, “Breyn Rinq” verilişinin oyunçuları iştirak edəcəklər.
Turnirin aparıcısı ən yüksək dərəcəli intellektual oyunlar üzrə beynəlxalq turnirlər keçirməklə tanınan rusiyalı Sergey Abramov olacaq.
Çempionat üçün suallar dünyanın ən yaxşı redaktorları tərəfindən hazırlanıb. Apelyasiya münsiflər heyətinə “Kim? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyasının vitse-prezidenti Aleksandr Rubin başçılıq edir.
Oyunun münsiflər heyətində Bakının “Kim? Harada? Nə zaman?” Klubunun biliciləri – “Büllur bayquş” mükafatçısı Fuad Musayev və tanınmış bilici İsmayıl Əliyev təmsil olunurlar.