REGİONLAR
“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi başa çatıb
Masallı, 10 iyul, Bağır Əliyev, AZƏRTAC
“Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən Masallı rayonunun Qəriblər kəndində təşkil edilmiş və üç gün davam edən “Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Astara, Lənkəran və Masallı rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gəncləri bu nadir növ haqqında məlumatlandırmaq, onun mühafizəsi işini təbliğ etmək, məktəbliləri ətraf mühit sahəsində maarifləndirmək, onlarda təbiətə rəğbət və qayğı hissini formalaşdırmaqdır.
Düşərgənin gedişatında iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edərək, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.
Məktəblilər təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilmiş “Dünyanın ən çox axtarılan bəbiri” sənədli filminə baxıblar. Düşərgə iştirakçılarının Azərbaycanda bəbirlərin təbii olaraq məskunlaşdığı və xüsusi mühafizə olunduğu Hirkan Milli Parkına ekskursiyası təşkil edilib. Məktəblilər parkın ərazisində üçüncü dövrə mənsub relikt mənşəli bitki örtüyü ilə də tanış olublar.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl şəhər və rayonlarından, ümumilikdə, 300-dən çox məktəbli qatılıb.