İDMAN


Bədən Tərbiyəsi və İdman Akademiyasının İslamiadada medal qazanan tələbələri ilə görüş keçirilib VİDEO

Bakı, 27 may, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri IV İslam Həmrəyliyi Oyunlarında 34 medal qazanıblar. Bundan başqa, 27 medal isə Akademiyanın məzunları tərəfindən əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının medal qazanan tələbələri ilə mayın 27-də bu təhsil ocağında keçirilən görüşdə məlumat verilib.

Akademiyanın rektoru Fuad Hacıyev medal qazanan tələbələri və məzunları parlaq qələbələr münasibətilə təbrik edərək deyib: “Bu il Vətənimiz idman sahəsində növbəti böyük uğura imza atdı. Azərbaycan milli komandası 50-dən çox müsəlman ölkəsindən üç mindən çox idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında parlaq qələbə qazandı. Azərbaycan Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutdu. Bu uğurda Akademiyanın tələbələrinin və məzunlarının da öz payı var. Sizin uğurunuz bizim uğurumuzdur. Bu gün sevinc hissi ilə deyə bilərik ki, sizin hər biriniz ölkəmizi layiqincə təmsil etdiniz. Biz sizin qələbələrinizlə fəxr edirik. Sizin uğurlarınız digər idmançılarımız üçün də yeni zirvələri fəth etmək baxımından çox yaxşı stimuldur”.

Qeyd edilib ki, Oyunlarda Akademiyanın 22 məzunu (19 oğlan, 3 qız) 19-u qızıl, 4-ü gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 27 medal qazanıb. Yarışlara qatılan 28 tələbə (21 oğlan, 7 qız) 34 medala sahib olub. Bu medallardan 19-u qızıl, 7-si gümüş, 8-i isə bürüncdür.

Tədbir zamanı medal qazanan tələbələr fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.

İdmançı tələbələr göstərilən yüksək diqqətə görə Akademiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.