İDMAN
Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi başlayıb
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyinə start verilib. Paralel olaraq, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi də başlayıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışların birinci günündə bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyalarında maraqlı çıxışlar olub. Sonra balacalar yaş kateqoriyasında (2006-2008) 8 qrup hərəkəti komandası alətsiz və topla çıxışları yerinə yetiriblər.
Bədii gimnastika üzrə yarışlarda qaliblər dekabrın 2-də müəyyənləşəcək.
Yarışın ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikası üzrə də mübarizə aparılacaq. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyalarında yer almış gimnastlar çıxış edəcəklər.
Turnirlərə qatılan 141 gimnast Bakı Gimnastika Məktəbini, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” idman klublarını, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətini, Respublika Kompleks İdman Məktəbini və Şağan Olimpiya İdman Kompleksini təmsil edirlər.