REGİONLAR


Bədii gimnastika üzrə “Nar şahzadəsi” adlı Göyçay açıq birinciliyi başa çatıb VİDEO

Göyçay, 5 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının dəstəyi və Göyçay Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə “Nar şahzadəsi” adlı Göyçay açıq birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Olimpiya İdman Kompleksinin direktoru Pərviz Məmmədov çıxış edərək, son illər ölkəmizdə gimnastika üzrə mötəbər yarışların keçirilməsindən, milli yığma komandamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan söz açıblar. Federasiyanın gördüyü işlərdən bəhs edən natiqlər bildiriblər ki, paytaxtla yanaşı, regionlarda da idmanın gimnastika növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yetişdirilməsi, təlim-məşq toplanışlarının keçirilməsi, bacarıqlı gimnastların müəyyən edilərək yığma komandaya cəlb olunması istiqamətində mühüm işlər görülür.

Federasiyanın regional yarışların təşkili üzrə məsul işçisi Rəşid Məmmədov, Göyçay Olimpiya İdman Kompleksinin gimnastika bölməsinin rəhbəri Sultan İbrahimzadə bildirib ki, hazırda 10 şəhər və rayonda Azərbaycan Gimnastika Federasiyasının yeni bölmələri fəaliyyət göstərir. Məlumat verilib ki, “Nar şahzadəsi” adlı Göyçay açıq birinciliyində 9 komanda üzrə 72 gimnast mükafatlar uğrunda mübarizə aparır.

Çıxışlardan sonra dövlət himni səsləndirilib və yarışlara start verilib. Turnirdə 2007-2008-ci, 2008-2009-cu və 2010-2012-ci il təvəllüdlü gimnastlar alətsiz, ip, halqa və top ilə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər. Yarışda ilk üç yeri tutan idmançılara medal və diplom verilib, qalib gimnastlara isə “Nar şahzadəsi” adlı tac təqdim olunub.

Qaliblərin mükafatlandırılması mərasimindən sonra ən yaxşı gimnastların, eləcə də Göyçay Olimpiya İdman Kompleksinin təmsilçilərinin ifasında qala-konsert olub.

Qeyd edək ki, hazırda Göyçay Olimpiya İdman Kompleksinin gimnastika bölməsində 40-a yaxın 3-12 yaşlı uşaq məşq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.