İDMAN
Bədii gimnastika üzrə çoxnövçülük yarışlarının qızıl və gümüş medalları Rusiya idmançılarına nəsib oldu [YENİLƏNİB] VİDEO
Bədii gimnastika üzrə çoxnövçülük yarışları başa çatıb. Gözlənildiyi kimi, yarışların qalibi Rusiya gimnastı Yana Kudryavtseva (76.100) olub. İkinci yeri də onun həmyerlisi Marqarita Mamun (75.650) tutub. Belarus idmançısı Melitina Staniouta (73.100) bürünc medal əldə edib.
Təmsilçilərimiz Marina Durunda yarışları 69,850 xalla səkkizinci, Ayşən Bayramova isə 66,400 xalla on beşinci yerdə başa vurublar.
14:50
Bədii gimnastika üzrə çoxnövçülükdə üç hərəkətdən sonra Azərbaycan gimnastları Marina Durundanın 51,950, Ayşən Bayramovanın isə 49,950 xalı var.
Üç hərəkətdən sonra B qrupunda Yana Kudryavtseva liderliyini davam etdirir (57,050).
Bu qrupda gimnastlar sonuncu – dördüncü hərəkəti təqdim etməyə başlayıblar. Bir qədər sonra medalların taleyinə aydınlıq gələcək.
13:48
Çoxnövçülükdə iki hərəkətlərdən sonra Azərbaycan gimnastları Marina Durundanın 33,850, Ayşən Bayramovanın isə 32,900 xalı var.
İki hərəkətdən sonra mütləq dünya çempionu Yana Kudryavtseva (Rusiya) B qrupunda liderlik edir (37.950). Bu yarışların favoriti də məhz Yana sayılır.
13:21
B qrupunda çıxış edən Azərbaycan təmsilçisi Marina Durunda xalça üzərində gürzlə hərəkətlər təqdim etdi. Onun çıxışı 16.050 xalla qiymətləndirildi.
13:05
Bədii gimnastika üzrə çoxnövçülükdə B qrupunda yarışlar başlandı.
İlk olaraq xalça üzərinə çıxan Azərbaycan gimnastı Ayşən Bayramova halqa ilə hərəkətləri təqdim edərək 17.000 xal topladı.
12:47
Bədii gimnastika üzrə çoxnövçülükdə fərdi yarışlar davam edir.
Azərbaycan təmsilçiləri Ayşən Bayramova və Marina Durunda B qrupunda çıxış edəcəklər. Bu qrupda gimnastların çıxış ardıcıllığı belədir: Ayşən Bayramova (Azərbaycan), Katsiaryna Halkina (Belarus), Neviana Vladinova (Bolqarıstan), Yana Kudryavtseva (Rusiya Federasiyası), Melitina Staniouta (Belarus), Marina Durunda (Azərbaycan), Nikol Ruprext (Avstriya) Karolina Rodriges (İspaniya), Salome Pazhava (Gürcüstan), Ana Luiza Filiorianu (Rumıniya).
12:36
Bədii gimnastikanın fərdi çoxnövçülük yarışlarında ilk on idmançı çıxışlarını başa vurub. Turnir cədvəlinə 75,650 xalla rusiyalı Marqarita Mamun başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Ukrayna gimnastı Janna Rizatdinova (72,750) və Fransa təmsilçisi Kseniya Moustafayeva (70,100) qərarlaşıblar.
10:55
Bədii gimnastika üzrə fərdi çoxnövçülük yarışları davam edir.
Ayrı-ayrı hərəkətlərdə bu nəticələr qeydə alınıb: Kseniya Moustafayeva (Fransa, 34.650), Viktoriya Veynberq Filanovski (İsrail, 34.500), Mariya Mateva (Bolqarıstan, 33.300).
10:48
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları başlayıb. Fərdi yarışlarda həlqə, top, gürz və lent ilə hərəkətlər təqdim olunur.
Xalçaya ilk olaraq Viktoriya Veynberq Filanovski (İsrail) topla çıxdı. Sonra Kseniya Moustafayeva (Fransa) gürzlə, Mariya Mateva (Bolqarıstan) lentlə, Marqarita Mamun (Rusiya) halqa ilə fərdi çıxışlar etdilər.
Yarışlar davam edir.