REGİONLAR
Bədii oyma sənəti: insan əli ilə yaradılan möcüzə
Naxçıvanda yaşadılan və inkişaf etdirilən bu sənətin qədim diyarda istedadlı davamçıları var
Naxçıvan, 31 avqust, Rauf Əliyev, AZƏRTAC
Bədii oyma dekorativ - tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Daş, ağac, sümük və başqa materiallar üzərində işlənilir. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Naxçıvan Muxtar Respublikasının ən qədim yaşayış məskənlərindən biri olan Gəmiqayada daş üzərində olan oymalar bədii oyma sənətinin ilkin nümunələri kimi qəbul edilir.
Bu gün qədim Naxçıvan diyarında bu sənət növü yaşadılır, inkişaf etdirilir. Bədii oyma sənətinin bugünkü davamçıları təbiəti ən yaxşı sənətkar adlandırırlar. Çünki cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, yerdən səmaya doğru boy atan ağac da böyük bir sənət incisi kimi insan oğlunu daim valeh edir. Naxçıvanlı Akif Həsənov da bu incəlikləri dərindən duyan, quru ağacdan ustalıqla istifadə edərək əsərlər yaradan bir xalq sənətkarı, ağacoyma ustasıdır. Bu gün Naxçıvan şəhərində işıqlı, ağac ətri duyulan gözəl emalatxanasında fəaliyyət göstərir.
Akif ustanın sözlərinə görə, ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb bir biçməlisən. Ancaq ağac kimi mülayim, həssas, səxavətli, “sözəbaxan” digər material da tapmaq çətindir. Onun üzərində illərin buraxdığı izlərdən belə, naxış kimi istifadə etmək olar. Əsas odur ki, bu incəlikləri duyub tətbiq etməyi bacarasan.
Ötən ilin noyabrında Naxçıvan Biznes Mərkəzində Akif ustanın əl işlərindən ibarət sərgi təşkil edilmişdi. Böyük maraqla qarşılanan sərgidə ustanın intarsiya, oyma, şəbəkə və xatəmkarlıq üsulu ilə hazırlanmış məmulatları yer almışdı. Qeyd edək ki, intarsiya nazik ağac lövhəciklərindən, yonqarlarından yığılmış mozaikadır. O, müxtəlif ölçülü və müxtəlif növ ağacların bir-birinə keçirilməsi, yapışdırılması ilə quraşdırılır. İntarsiya texnikası ilə döşəmələr, divarlar, masalar və digər mebellər bəzədilir. Bu sənət hələ orta əsrlərdə Misirdə yaranıb. İntarsiya texnikası Siciliya və Əndəlus vasitəsilə Avropaya gəlib çatanadək artıq İslam dininin yayıldığı Şimali Afrikada xeyli təkmilləşmişdi. Daha sonra bu sənət Yunanıstanda, İtaliyada, Almaniyada, Hollandiyada, İngiltərədə geniş yayılmağa başladı.
İntarsiyanın da öz növləri var. Mozaika hissələri qabarıq və ya müstəvi ilə eyni səviyyədə qalan intarsiyalar mövcuddur. Akif usta deyir ki, intarsiya, oyma və şəbəkə üslubu ilə işləyəndə əlavə məmulatlar lazım olmur. Ancaq xatəmkarlıqda müxtəlif materiallardan istifadə etmək lazım gəlir. Latın dilində “təbəqə və qabıqla, mərmərlə örtürəm” mənasını verən xatəmkarlıq (inkrustasiya) dekorativ-tətbiqi sənətin özünəməxsus bir növü olmaqla əşyaların bəzədilməsində, onlara estetik görkəm verilməsində istifadə olunur. Bu prosesdə hər hansı səthə oyulub yerləşdirilən naxış və təsvirlərdə mərmər, keramika, metal, ağac, sədəf, mina və digər materiallar işlədilir. Onlar rənginə və digər xüsusiyyətlərinə görə fərqlənir. Yəni bu iş əlavə sərmayə və vaxt tələb edir. Akif usta da yaratdığı əsərlərdə yuxarıda sadalanan üsullara geniş yer verir.
Bədii oyma çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Bu sənəti mənimsəmək üçün insan xəttatlıqdan, nəqqaşlıqdan, xarratlıqdan, rəssamlıqdan məlumatlı olmalı, bu incəsənət növlərini də mənimsəməlidir. Məsələn, ağac üzərinə yaxşı bir oyma naxış salmaq istəyirsənsə, onun eskizlərini də hazırlamalı, ölçülərini yaxşı bilməlisən.
Ordubad şəhərinin “Minkəs” məhəlləsinin Ümmül-Leyla küçəsində yaşayan Cabir Cabbarov da bədii oyma sənətinin ustalarından biridir. Cabir ustanın əsərləri içərisində şəbəkə formalı oyma işləri xüsusilə diqqət çəkir. Naxçıvan şəhərindəki qədim Yusif ibn Küseyir, Möminə xatın türbələrində işlədilən həndəsi şəbəkə növlərindən istifadə edərək bir çox sənət nümunəsi yaradan C.Cabbarov, həmçinin özünəməxsus orijinal şəbəkə formaları da hazırlayır. Onun estetik cəhətdən zərif əsərləri bədii oyma sənətinin müasir nümunələri kimi dəyərlidir.
Bədii oyma sənəti haqqında Cabir usta ilə həmsöhbət olduq. Dedi ki, bu sənətə könül verdiyi gündən sonra artıq ağacları, necə deyərlər, çox yaxşı tanıyır. Təcrübəsi sayəsində hansının nəyə daha çox yararlı olduğunu müəyyənləşdirə bilir. Ən çox qoz ağacından istifadə edir. Deyir ki, onun orijinal rəng zümzüməsi var. Süni rənglərdən istifadə etməyi sevmir. İşlətdiyi ağaclar arasında fıstıq, tut, dağdağan, alma, ərik ağacları da var. Digər ağaclar yumşaq olduğundan onların üzərində səlis oyma işləmək mümkün deyil. Çünki tez sınır, xarab olurlar.
Cabir usta da vurğulayır ki, bədii oyma da çətin sənətdir. Gərək bir çox elmdən xəbərdar olasan, Şərq-Qərb memarlığını, sənət nümunələrini və milli dəyərləri tam mənimsəyəsən. Bu barədə danışan Cabir usta deyir: “Məsələn, mən Qərb memarlığı və heykəltəraşlığı ilə maraqlandım, onların müxtəlif sənət üslublarını mənimsədim, bundan sonra Şərq memarlığına rəğbətim daha da artdı. Çünki Şərq memarlığı daha dolğundur. Əslində, Qərb memarlığı ilə yaxından tanış olanda görürsən ki, qərblilər Şərq memarlığını özlərinə məxsus şəkildə mənimsəyib, özlərinə lazımlı şəkildə inkişaf etdiriblər. Avropa memarlığında bizdə olduğu qədər dəqiqlik yoxdur. Memar Əcəmi Naxçıvaninin yaratdığı dəqiqlik, özünəməxsusluq bu səbəbdən həmişə diqqət mərkəzində olacaq”.
Bu gün bədii oyma sənəti digər sənət növləri kimi Naxçıvanda yaşadılır, inkişaf etdirilir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində müntəzəm olaraq ağac üzərində oyma sənəti üzrə iki aylıq kurslar təşkil edilir. Bura sağlamlıq imkanları məhdud şəxslər də cəlb olunur. Kursları müvəffəqiyyətlə bitirən müdavimlər sosialyönümlü haqqıödənilən ictimai işlərə cəlb edilir. Bununla həm qədim xalq sənəti yaşadılır, həm də sosial qayğıya ehtiyac duyan sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqları təmin olunur.
Rauf Əliyev
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri