REGİONLAR


Bəhrəmtəpə-Mincivan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur VİDEO

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112-177-ci kilometrlik hissəsində (65 kilometr) işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri iki hissə üzrə, yolun 112-137 və 138-177-ci kilometrliyində aparılır.

Avtomobil yolunun Beyləqan rayonu ərazisinə düşən 112-137-ci kilometrliyində (26 kilometr) asfaltlanma işləri artıq yekunlaşmaq üzrədir.

Füzuli rayonun ərazisinə düşən ikinci hissənin uzunluğu 39 kilometrdir. Sözügedən ərazidə yolun köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, 8 kilometrlik hissədə yeni yol yatağı inşa edilib. Torpaq işləri yekunlaşan ərazilərin asfaltlanması işləri də görülüb.

Hazırda layihə boyu yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası, həmçinin asfaltlanma işləri davam etdirilir. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək.

III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 3,5 metr, çiyinlərin eni 0,5 metr bərkidici zolaqla birgə 2,5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.

Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Layihəyə uyğun olaraq yolboyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci kilometrliyindən götürür. Yolun yenidən qurulması ilə 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişindaşıması asanlaşacaq.

Xatırladaq ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 kilometrlik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.