DÜNYA


Bəkir Bozdağ: Prezidentimiz 15 iyulda demokratiyaya sahib çıxdı, lakin dünya ölkələri tərəfindən tək buraxıldı

Ankara, 12 iyul, Nihad Budaqov, AZƏRTAC

Hazırda FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən tərəfindən ötən il iyulun 15-də Türkiyədəki dövlət çevrilişinə cəhdin idarəedilən çevriliş cəhdi olduğuna dair müxtəlif kampaniyalar aparılır və buna böyük pullar xərclənir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri 15 İyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində iyulun 12-də Ankarada Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsində (BYEGM) keçirilən tədbirdə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ səsləndirib.

Nazir əvvəlcə ötən il iyulun 15-də bu ölkədə dövlət çevrilişinə cəhd zamanı türkiyəli fotojurnalistlərin çəkdikləri şəkillərin nümayiş edildiyi sərgi ilə tanış olub.

BYEGM-nin rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca deyib ki, Türkiyə keçən il iyulun 15-də böyük bir sınaqdan çıxdı. Həmin gecə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciət etdi və baş verənlərin dövlət çevrilişinə cəhd olduğunu dedi. Türkiyə Böyük Millət Məclisi bombalandı. Lakin xalq qanı və canı bahasına tankların qarşısında dayandı. Millətimiz demokratiyaya və azadlığa sahib çıxdı.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, ötən il iyulun 15-də FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin göstərişi ilə Türkiyədə dövlət çevrilişinə cəhd oldu. Həmin gecə 249 nəfər vətəndaşımız şəhid oldu və 2200-ü yaralandı. 15 iyulda xüsusi təyinatlı qüvvələrin binası, Prezident Sarayı, Türkiyə Böyük Millət Məclisi bombalandı, “Türksat”ın işçiləri öldürüldü. İstanbulda Boğaziçi körpüsündə onlarla həmvətənimiz şəhid oldu. Çevrilişə cəhd edən terrorçular xalqın üstünə tankları sürdü, avtomatlar ilə xalqımıza atəş açdılar. Türkiyə Böyük Millət Məclisi yaradıldığı gündən ötən ilədək ilk dəfə bombalandı.

Nazir qeyd edib ki, dövlət çevrilişinə cəhdin uğursuz olmasına səbəb Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti və onları küçələrə çıxmağa çağırışı oldu. O, Marmarisdən öz ailəsi ilə xalqla birgə demokratiyaya sahib çıxmaq üçün İstanbula gəldi.

“Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanı gözdən salmaq üçün Qərb ölkələri tərəfindən müxtəlif kampaniyalar aparılır. Dünyada hansı ölkə prezidenti özünün və ailəsinin həyatını təhlükəyə ataraq xalqla birgə demokratiyaya sahib çıxıb, terrorçulara qarşı dayanıb? Prezidentimiz demokratiyaya sahib çıxdı. Lakin dünya ölkələri tərəfindən tək buraxıldı”, - deyə B.Bozdağ əlavə edib.

O qeyd edib ki, türk xalqı kimi demokratiyaya sahib çıxan başqa bir millət yoxdur. Əgər bu proseslər başqa bit ölkədə olsa idi BMT və digər təşkilatlar onların yanında olacaqdı. Lakin Türkiyədə bu qədər şəhid və yaralı olmasına baxmayaraq həmin beynəlxalq təşkilatlar bizə dəstək olmadılar, gözləmə mövqeyində dayandılar. Bunun əksinə FETÖ terror təşkilatından yana narahat olduqlarını bildirdilər.

B.Bozdağ vurğulayıb ki, hazırda FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən tərəfindən ötən il iyulun 15-dəki dövlət çevrilişinə cəhdin idarəedilən çevriliş cəhdi olduğuna dair müxtəlif kampaniyalar aparılır və buna böyük pullar xərclənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.