DÜNYA
Belarus 2020-ci ilə qədər çoxtəyinatlı “Su-30SM” təyyarələri almaq niyyətindədir
Minsk, 23 noyabr, AZƏRTAC
Belarus 2020-ci ilə qədər yeni nəsil çoxtəyinatlı “Su-30SM” təyyarələrinin ən azı eskadrilyasını almaq niyyətindədir. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Hərbi Hava Qüvvələrinin (HHQ) və hava hücumundan müdafiə (HHM) qoşunlarının komandanı Oleq Dviqalev noyabrın 23-də jurnalistlərə bəyan edib.
Bu gün Lida şəhərində HHQ-nin və HHM qoşunlarının 116-cı qvardiya həmlə aviabazasının şəxsi heyətinə Rusiyanın “İrkut” Elm-İstehsalat Korporasiyası” ASC-nin istehsalı olan dörd “Yak-130” təlim-döyüş təyyarəsi verilib. O.Dviqalev formulyarları aviasiya bazasının texniklərinə təqdim edərək vurğulayıb ki, bu, “Yak-130” təyyarələrinin artıq ikinci partiyasıdır, dörd təyyarədən ibarət ilk partiya aviabazaya 2015-ci ildə təhvil verilib.
O.Dviqalev deyib: “Yeni nəsil çoxtəyinatlı “Su-30SM” təyyarəsinin satın alınması nəzərdə tutulur. Bu təyyarə səmərəli olduğunu Suriya münaqişəsində göstərib. Bir sıra ölkələrdə təyyarə silahlanmaya qəbul edilib”. O vurğulayıb ki, “Su-30SM” təyyarəsi “Yak-130” ilə eyni müəssisədə istehsal olunur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk