İQTİSADİYYAT
Belarus Azərbaycana birgə müəssisə yaratmağı təklif edir
Minsk, 17 noyabr, AZƏRTAC
Azərbaycan Belarusun aqrar şəhərciklər yaratmaq və yeyinti sənayesini inkişaf etdirmək təcrübəsinə maraq göstərir. Belarus hökumətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə noyabrın 16-da Belarus Baş nazirinin müavini Mixail Rusının Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşündə danışılıb.
M.Rusı deyib: “Sizi kənd təsərrüfatı sahəsi, ilk növbədə aqrar şəhərciklər maraqlandırdığı üçün biz bu sahədə yeniliklərimizi nümayiş etdirməyə, infrastruktur yaratmaq təcrübəmizi sizinlə bölüşməyə hazırıq. Bundan əlavə, istənilən modifikasiyalı və formalı südsağma məkanlarını, südsağan robotları sizə göstərə bilərik”.
Belarus və Azərbaycan yeyinti sənayesində əməkdaşlığı perspektivli sayırlar. Məsələn, Azərbaycan Belarusun qənnadı məhsullarına, alkoqollu içkilərinə və başqa mallarına maraq göstərir. Rusı belə bir təkliflə çıxış edib: “Tütünçülüklə bağlı işlərə yaxşı başlamışıq. Sizinlə sıx işləməyə hazırıq. Hər şey sizin bu işdə nə qədər maraqlı olmağınızdan asılıdır. Ayrıca biz birgə müəssisələrin yaradılması, məsələn, meyvə-tərəvəz məhsulunun Belarusda emalının təşkili istiqamətində çalışmağa hazırıq”.
Belarusun kənd təsərrüfatı texnikasının istehsalında da Azərbaycanla qarşılıqlı fəaliyyətə hazır olduğunu diqqətə çatdıran M.Rusının fikrincə, bu baxımdan regionlararası əlaqələrə xüsusi diqqət yetirilməlidir. O deyib: “Birlikdə çox işlər görə bilmək üçün real imkanımız var”.
M.Rusı qeyd edib ki, bu gün müzakirə edilən layihələr Belarus Prezidentinin noyabrın sonunda Azərbaycana planlaşdırılan səfəri zamanı danışıqlar mövzusu üçün əsas olacaq. O deyib: “Bu, ölkələrimiz arasında münasibətlərin inkişafında növbəti yaxşı addım olacaq”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk