SİYASƏT
Belarus Azərbaycanı milli bayram münasibəti ilə təbrik edib
Minsk, 29 may, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Bu barədə AZƏRTAC-a diplomatik missiyamızın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə çıxışında bildirib ki, Respublika, dövlət müstəqilliyinin bərpası günü 1990-cı ildən milli bayramı kimi qeyd olunur. Səfir vurğulayıb: “Ölkənin hazırkı rəhbərliyinin yürütdüyü siyasi kurs milli suverenliyin möhkəmləndirilməsinə, dövlətin sabit inkişafı üçün şərtlərin yaradılmasına və vətəndaşlarının rifahına yönəlib”.
İsfəndiyar Vahabzadə qəbuldakı qonaqlara xatırladıb ki, SSRİ-nin süqutundan sonra gənc dövlətimizə Azərbaycan xalqının ümummilli lideri, millətin xilaskarı Heydər Əliyev rəhbərlik etməyə başlayıb və o, dövlətçiliyin möhkəm təməlini yaradıb. “Zəngin karbohidrogen ehtiyatları ötən əsrin 90-cı illərində ölkənin sürətli iqtisadi inkişafını təmin edib, lakin bu gün qabaqcıl texnologiyaların intensiv inkişafı olmadan dünya bazarında aparıcı mövqe tutmaq mümkün deyil. Elm, tikinti, müasir istehsal, bank sistemi irəliləyişlərə nail olduğumuz sahələrdir”.
Daha sonra diplomat Belarusda altı ildir işlədiyini xatırladaraq, Azərbaycanın diplomatik missiyasına başçılıq etməklə dost müstəqil dövlətlərin yaxınlaşmasına öz töhfəsini verə biləcəyinə şad olduğunu bildirib: “Bunu qarşıma məqsəd qoymuşam. Fikrimcə, ikitərəfli əməkdaşlıq xalqlarımızın tərəqqisinə kömək edir. İstehsal, elm və xidmət sahələrində davamlı əməkdaşlıq var. Qarşılıqlı faydalı investisiya və innovasiya layihələrin, birgə müəssisələrin sayı və müqavilə-hüquqi baza artır”.
Təntənəli qəbulda iştirak edən Belarus Baş nazirinin müavini Vladimir Semaşko bildirib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan və Belarus qardaş-dost əlaqələri qoruyub saxlayıblar. O, dövlətlərimiz arasında ticarət dövriyyəsinin artdığını, iki ölkə iqtisadiyyatının bir-birini ahəngdar tamamladığını qeyd edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk