DÜNYA
Belarus DİN nasist ideologiyasına qarşı mübarizəyə dair qanun layihəsini şərh edib
Minsk, 11 avqust, AZƏRTAC
AZƏRTAC “BELTA” agentliyinə istinadla xəbər verir ki, Belarus Daxili İşlər Nazirliyi (DİN) nasist ideologiyası tərəfdarlarının cilovunu yığmağı təklif edir.
DİN-də təklifə belə izahat verilib: “Son üç ildə Qərbi Avropanın bəzi ölkələrində neonasist hərəkatın pərəstişkarları fəallaşıb. Bu yaxınlara qədər onlar Belarusda da yalnız sosial şəbəkələrdə “yaşayır”, özlərinə oxşar adamları ətraflarına toplayıb onlarla yazışırdılar. Lakin “üçüncü reyx” ideyalarının ardıcılları cəzasız qaldıqlarını hiss edərək, ictimai yerlərdə getdikcə daha çox görünməyə başlayıblar. Onlar svastika şəklində döymələri və digər nasist rəmzlərini hamının gözü qarşısında nümayiş etdirirlər”. Belarus DİN cəzaları sərtləşdirmək yolu ilə nasist ideologiyası tərəfdarlarının cilovunu yığmağı təklif edir. Nazirlikdə İnzibati Xətalar Məcəlləsinin 17.10 maddəsini tamamlayacaq qanun layihəsi hazırlanıb. Qanunun yeni redaksiyasına əsasən, nasist simvollarının başqa şəxslərin qavrayışı üçün əlçatan şəraitdə saxlanmasına görə məsuliyyət tətbiq ediləcək. Bu cür atributların yayılması da cəzalandırılacaq. Belarus DİN-in Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya əleyhinə Mübarizə üzrə Baş İdarəsinin 3-cü idarəsinin rəisi, polis polkovniki Mixail Bedunkeviç deyir: “Nasist ideologiyasının digər atributları ilə müqayisədə döymələr ictimai asayişə və əxlaq normalarına daha güclü təhdiddir, çünki döymə sahibi nə vaxtsa, məsələn, çimərlik və ya hovuzda onu mütləq göstərir”.
Hazırda İnzibati Xətalar Məcəlləsinə görə, nasist simvolları və ya atributları dedikdə “Nasional Sosialist Alman Fəhlə Partiyası"nın bayrağı, himni, gerbi, emblemi, vımpeli, qalstuku, döş və fərqlənmə nişanları başa düşülür. Maddənin yeni variantına olan qeyddə qadağan olunmuş elementlərin sayı artacaq.
Bu yaxınlarda Osipoviçi şəhərindəki “Yunost” stadionunda "Osipoviçi" və “Kletsk” futbol klublarının matçı zamanı polis əməkdaşları əvvəllər məhkum edilmiş 31 yaşlı neonasisti döymə şəklində qadağan olunmuş simvolu nümayiş etdirən zaman tutublar.
Yeni qanun nasist simvollarının iştirak edəcəyi film və süjetlərin çəkilişini qadağan etməyəcək, həmin simvolların olduğu kitabların nəşri əvvəlki tək davam edəcək. Belə simvollar muzey ekspozisiyalarında, kitabxanalarda və məktəb dərsliklərində də qalacaq.
Hazırda layihə digər dövlət orqanları tərəfindən razılaşdırılır. Əlaqədar orqanlar tərəfindən dəstəklənəcəyi təqdirdə, qanun layihəsi bu ilin sonunadək parlamentə təqdim ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk