DÜNYA
Belarus MDB-nin meşə sənayesi və təsərrüfatı şurasına yenidən rəhbərlik edir
Minsk, 5 avqust, AZƏRTAC
Belarus MDB-nin Meşə Sənayesi Kompleksi və Meşə Təsərrüfatı Hökumətlərarası Şurasına yenidən rəhbərlik edir.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Belarusun meşə təsərrüfatı naziri Mixail Amelyanoviç şuranın sədri seçilib. Ölkənin Meşə Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir: “Hökumətlərarası şurada sədrlik Belarusa bir sıra imtiyazlar, o cümlədən təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi təşəbbüsü ilə çıxış etmək, qarşılıqlı əlaqələrin yeni formalarını təklif etmək imkanları verir”. Hökumətlərarası şuranın iclası hazırda Qazaxıstanda keçirilir. Onun iştirakçıları 2025-ci ilədək meşə təsərrüfatı və meşə sənayesi sahələrində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsi üzrə tədbirlər planının icrasının birinci mərhələsini (2016-2020), sərhədyanı ərazilərdə təbii yanğınların profilaktikası və söndürülməsinə dair sazişin icra vəziyyətini müzakirə edirlər. Müzakirələrdə meşələrin istifadə olunması, mühafizəsi və təkrar istehsalında MDB-nin iştirakçı ölkələrinin dövlət nəzarətinin təşkili təcrübəsinə, habelə Avrasiya İqtisadi Şurasında zərərli meşə orqanizmlərinin vahid monitorinqi sisteminin yaradılması məsələlərinə xüsusi diqqət ayrılır.
Şuranın növbəti iclası 2017-ci ilin ikinci yarısında Belarusda keçiriləcək. MDB-nin Meşə Təsərrüfatı Kompleksi və Meşə Təsərrüfatı Hökumətlərarası Şurası 1998-ci ildə iştirakçı ölkələr arasında müvafiq sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Rusiya və digər ölkələr daxil olub. Sonralar bu prosesə Ukrayna da qoşulub. İki ildən bir iştirakçı ölkələrin meşə təsərrüfatı idarələrinin rəhbərləri arasından şuraya sədr seçilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk