DÜNYA
Belarus MSK ATƏT-in prezident seçkilərini müşahidə missiyasının ilkin rəyindən razıdır
Minsk, 13 oktyabr, AZƏRTAC
Belarus MSK ATƏT-in müşahidəçilər missiyasının prezident seçkilərinin müşahidəsi barədə Minskdə təqdim etdiyi ilkin rəydən razıdır. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bunu oktyabrın 13-də jurnalistlərə bildirib.
Belarus MSK sədri deyib: “Məhz ATƏT-in missiyası tərəfindən ölkəmizdə uzun illər ərzində aparılan beynəlxalq müşahidələr dövründə ilk dəfədir ki, aldığımız hesabatda mənfi cəhətlərlə yanaşı çoxlu müsbət məqamlar da qeyd edilir, müvafiq hadisələr sadalanır və nəticələr çıxarılır. Hesabatda xeyli yaxşı məqamlar qeyd edilib və buna görə fəxr etmək lazımdır”.
L.Yermoşina bir məsələni diqqətə çatdırır ki, hesabatda ölkədə seçkiqabağı vəziyyət, seçki komissiyalarının bütün üzvlərinin mehriban və səmimi olması, onların missiya üzvləri ilə əməkdaşlıq etməsi, habelə KİV-lərin gözəl işi, prezidentliyə namizədlərin seçkiqabağı təşviqat aparmasına hər hansı senzur olmadan imkan yaradılması qeyd edilib. Bundan əlavə, missiyanın rəyində deyilir ki, prezidentliyə namizədlər son iki həftədə təşviqat kampaniyasını yaxşı səviyyədə aparıblar, yerli hakimiyyət orqanları bunun üçün hər cür şərait yaradıblar.
Belarus MSK sədri deyib: “Beynəlxalq müşahidəçilərin olduqları seçki məntəqələrinin 95 faizində səsvermə prosesinin çox yaxşı olması qeyd edilib. Vurğulamaq istərdim ki, bu, məhz səsvermə proseduruna verilən çox yüksək qiymətdir. Düzdür, səslərin sayılması zamanı dairə seçki komissiyalarının işinin şəffaflığı və dəqiqliyi ilə bağlı nöqsanlar da qeyd edilib. Bununla belə, 2012-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə missiya üzvlərinin öz iradlarını bildirdikləri halların sayı azalıb”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk