DÜNYA
Belarus Müstəqillik Gününü bayram edir
Minsk, 3 iyul, AZƏRTAC
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, iyulun 3-də - Belarusun Müstəqillik Günündə Prezident Aleksandr Lukaşenko Minskdəki Qələbə abidəsi önünə əklil qoyub.
Təntənəli mərasimdə yüksək vəzifəli şəxslər, dövlət orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, veteranlar, din xadimləri, Minskdə akkreditə olunmuş diplomatik korpusun, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri iştirak ediblər. Onlar abidənin önünə çiçək dəstələri və əklillər düzüblər.
Qələbə meydanındakı mərasimdə iştirak edənlər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Belarusun dövlət himni səsləndirildikdən sonra ölkə Silahlı Qüvvələri hərbi komendanturasının fəxri qarovulunun orkestri və birləşmiş rotası təntənəli marşla meydandan keçiblər.
Prezident A.Lukaşenko diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların missiyalarının rəhbərləri ilə görüşüb, Böyük Vətən müharibəsinin veteranlarını səmimi salamlayıb. Belarusun dövlət başçısı veteranlara müraciət edərək deyib: "Sözümüzü unutmamısınız: mümkün qədər uzun yaşamaq. Siz bizə çox lazımsınız". O, veteranlara sağlamlıq və xoşbəxtlik arzulayıb, dəstəyə görə onlara minnətdarlığını bildirib.
Səhər tezdən paytaxtda aparıcı yaradıcı kollektivlərin və ifaçıların bayram konserti, "Sənətkarlar şəhəri" xalq yaradıcılığı ustalarının sərgi-yarmarkası, İdman sarayının qarşısında bayram yarmarkası təşkil olunub və axşamdan xeyli keçənədək davam edib.
Həmin gün İdman arenası qarşısında SCL seriyasından güc ekstrimi üzrə beynəlxalq turnir, Minsk dənizində isə yelkənli qayıq idmanı üzrə Minsk kuboku uğrunda yarışlar keçirilib.
Bu gün Belarus paytaxtının bütün rayonlarında "Mən unutmamışam! Mən fəxr edirəm" aksiyası keçirilir.
Belarusun Xalq Artisti, "Syabrı" ansamblının bədii rəhbəri Anatolu Yarmolenko fikrini belə ifadə edib: "Müstəqillik Günündə ölkəyə görə xüsusi iftixar hissi keçirirsən". Tanınmış artist deyib: "Belə bir bayramda hər bir belorusun öz ölkəsinin vətəndaşı olduğunu daha çox hiss etdiyi bir zamanda bayramı birlikdə keçirmək üçün dostları dəvət etmək istəyirsən. Bu gün "Belarusa qonaq gəlin" mahnısı ilə açılacaq axşam konsertində də belə dəvət səslənəcək".
Bundan başqa, axşamdan xeyli keçmiş "Biz beloruslar dinc insanlarıq" qala-konserti və "Himni birlikdə oxuyaq" aksiyası keçiriləcək.
Paytaxtda və Belarusun bütün ərazisində şənliklər bayram atəşfəşanlığı ilə başa çatacaq.\
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk