DÜNYA
Belarus Teleqraf agentliyinin jurnalistləri “Qızıl liter” müsabiqəsinin qalibləri və laureatlarıdır
Minsk, 6 may, AZƏRTAC
Belarus Teleqraf Agentliyinin (BELTA) jurnalistləri kütləvi informasiya mətbu vasitələrinin “Qızıl liter” adlı XI milli müsabiqəsinin qalibləri və laureatlarıdır.
Müsabiqənin xatirə nişanı – kiçik bürünc heykəl respublika, vilayət mətbu KİV-lərinin, informasiya agentliklərinin ən yaxşı reportyoru kimi BELTA-nın informasiya baş redaksiyasının baş redaktoruna təqdim edilib. Dövlət informasiya agentliyinin informasiya baş redaksiyası isə eyni zamanda iki nominasiyada – “İctimai-siyasi mövzuda ən yaxşı materiallar” və “İdman və sağlam həyat tərzi mövzusunda ən yaxşı materiallar” nominasiyalarında laureat olub.
Mətbu KİV-lərin müsabiqəsinin daha bir əsas mükafatı - “Respublika, vilayət mətbuat orqanlarının, informasiya agentliklərinin ən yaxşı fotomüxbiri” nominasiyasında mükafat BELTA-nın aparıcı fotomüxbiri OLeq Foynitskiyə verilib.
BELTA-nın iqtisadi və elmi informasiya şöbəsinin redaktoru Tatyana İvanyuk “İqtisadi mövzuda ən yaxşı materiallar” nominasiyasında müsabiqənin laureatı olub. “Belaruskaya dumka” jurnalının baş redaktoru Vadim Gigin Belarus Teleqraf Agentliyinin saytında “Vadim Giginin bloqu” layihəsinə görə mükafatlandırılıb. “Mətbu KİV-lərin və informasiya agentliklərinin ən yaxşı internet layihəsi” nominasiyasında BELTA-nın “Qələbənin xronikası” internet layihəsi də kütləvi informasiya mətbu vasitələrinin “Qızıl liter” adlı XI milli müsabiqəsinin qalibi olub.
BELTA “Qızıl liter” müsabiqəsinin daimi iştirakçısıdır. Artıq bir neçə ildir ki, agentlik yaradıcılıq yarışının əsas mükafatına – kiçik bürünc heykələ layiq görülür.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk