İQTİSADİYYAT
Belarus baş nazirinin müavini Gəncə İcra Hakimiyyətinin başçısı ilə görüşüb
Minsk, 17 noyabr, AZƏRTAC
Noyabrın 16-da Belarus baş nazirinin müavini Vladimir Semaşko Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC bu barədə Belarus Nazirlər Sovetinin mətbuat xidmətinə istinadla məlumat verir.
Baş nazirin müavini vurğulayıb ki, Belarus ilə Azərbaycanın ticari-iqtisadi əməkdaşlığını yeni səviyyəyə çatdırmaq üçün hər iki tərəfin zəruri potensialı var. Məsələn, Gəncə Avtomobil Zavodu Minsk Avtomobil Zavodu ilə birlikdə texnika istehsalı ilə məşğul olur. V.Semaşko deyib: “Fikrimcə, biz əlaqələrimizi daha da inkişaf etdirməli, kənd təsərrüfatı texnikası istehsal etməliyik. Bununla əlaqədar müəyyən planlarımız var”.
Elmar Vəliyev öz növbəsində bildirib ki, Azərbaycan nümayəndə heyəti bu günlərdə Gəncə ilə qardaşlaşmış Qomel şəhərində və Minskdə olub. Yaxın vaxtlarda Gəncədə Belarus malları mağazası açılacaq. Bakıda buna oxşar ticarət məntəqələri var.
E.Vəliyev Belarus istehsalı olan qida məhsullarının yüksək keyfiyyətini qeyd edərək bildirib ki, Azərbaycan da Belarusa orada tələbat olan məhsullar göndərilməsini təmin etməyə hazırdır.
Elmar Vəliyev jurnalistlərə izah edib ki, ət-süd sənayesi müəssisələri, kənd təsərrüfatına aid Belarus nou-hausu, o cümlədən aqrar şəhərciklər üçün Belarus avadanlığı Azərbaycan nümayəndə heyətinin xüsusi marağına səbəb olub. Bundan əlavə, Gəncə Avtomobil Zavodu Minsk Avtomobil Zavodu ilə birlikdə yeni avtobus modelləri hesabına texnika istehsalı çeşidini genişləndirmək fikrindədir.
Gəncə İcra Hakimiyyətinin başçısı deyib: “Belarusla bütün sahələrdə - sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində əlaqələrimiz inkişaf edir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk