CƏMİYYƏT
Belarus paytaxtında MDB ekspertlərinin iclasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək
Minsk, 31 mart, AZƏRTAC
Aprelin 7-8-d Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin Əməkçi miqrantların və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində əməkdaşlığı haqqında Saziş layihəsinin tamamlanması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki qərargahının mətbuat xidmətində məlumat verilib.
Rusiya Federasiyası tərəfindən hazırlanmış və səhiyyə sahəsində dövlətlərarası qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlmiş bu sənəd əməkçi miqrantların və onların ailə üzvlərinin olduqları ölkədə tibbi yardım almaları üçün şərait yaradılmasına kömək edəcək.
Nəzərdə tutulur ki, Sazişin müddəaları bütün əməkçi miqrantlara və onlarla birlikdə miqrantların işlə təmin edilməsi üçün gəldikləri dövlətdə olan ailə üzvlərinə, onların hüquqi statusundan asılı olmayaraq şamil ediləcək. Sənəddə əməkçi miqrantların bütün miqrasiya müddətində onlara və ailə üzvlərinə tibbi sığorta əsasında əlaqələndirilmiş tibbi yardım sistemi yaradılması və bu sistemin fəaliyyətinin təmin edilməsi məsələlərində qarşılıqlı fəaliyyətin ümumi prinsipləri, o cümlədən təqdim edilən tibbi yardımın növlərinin , şərtlərinin, həcminin və keyfiyyətinin, habelə ödəniş qaydasının müəyyən edilməsi üzrə ümumi prinsiplər təsbit olunur. Saziş layihəsi ekspertlər tərəfindən qəti razılaşdırılandan sonra onun müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk