SİYASƏT
Minskdə MDB iştirakçıları olan dövlətlər arasında informasiya sahəsində qarşılıqlı fəaliyyətə dair məsləhətləşmələr aparılacaq
Minsk, 29 avqust, AZƏRTAC
Sentyabrın 3-də Belarus paytaxtında, MDB-nin qərargahında “MDB iştirakçıları olan dövlətlərin informasiya sahəsində qarşılıqlı fəaliyyəti haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr aparılacaq.
Təşkilatın Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclas iştirakçıları xarici müəssisələrlə mühüm beynəlxalq tədbirlərin işıqlandırılmasının təşkili, informasiyanın KİV-lərdə yerləşdirilməsi və sosial şəbəkələrdə iş məsələləri üzrə qarşılıqlı fəaliyyətin informasiya müşayiətinə dair təcrübə mübadiləsi aparacaqlar.
MDB məkanında mühüm hadisələrin və proseslərin – Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, Birliyin yaradılmasının 25 illiyi, Avrasiya inteqrasiyasının genişlənməsinin informasiya təminatı məsələsi müzakirə ediləcək.
Məsləhətləşmələrin iştirakçıları kütləvi informasiya vasitələri ilə iş təcrübəsini, o cümlədən xarici müxbirlərin akkreditasiyasına yanaşmaları nəzərdən keçirəcəklər.
Məsləhətləşmələr başlamazdan əvvəl, saat 11:40-da (Bakı vaxtı ilə - AZƏRTAC) Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin və İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr edilmiş “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlamalı” mövzusunda fotosərginin açılış mərasimi olacaq.
AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, bu sərginin ekspozisiyasına keçmiş Sovet İttifaqı respublikalarında müharibə illərində çəkilmiş nadir fotoşəkillər daxildir. Tədbir doqquz dövlətin: Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın müştərək layihəsi kimi təşkil edilir.
Fotosərginin açılış mərasiminə MDB iştirakçıları olan dövlətlərin səfirləri və daimi nümayəndələri, Birliyin iştirakçısı olan dövlətlərin, o cümlədən Azərbaycanın xarici işlər nazirliklərinin nümayəndələri, MDB İcraiyyə Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları dəvət edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk