REGİONLAR


Belarus səfiri Naxçıvanın təhsil, mədəniyyət, istehsal və səhiyyə müəssisələri ilə tanış olub

A+ A

Naxçıvan, 13 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Üç gün davam edən səfər çərçivəsində diplomat muxtar respublikanın gəzməli-görməli yerləri ilə, təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri, tarixi abidələrlə yaxından tanış olub.

AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı qonağa Əshabi-Kəhfin möcüzəli tarixi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən çox yuxuya getməsindən, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda bu hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.

Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən diplomat ziyarətgahı gəzərək buranı heyranlıqla seyr edib.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə XII əsrə aid olan tarixi abidə haqqında ətraflı məlumat verilib. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş bu binada indi tarixi eksponatlar sərgilənir. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir. Bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.

Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanışlıq zamanı qonağa ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Bildirilib ki, universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, baytarlıq klinikası, olimpiya-idman mərkəzi, 2 stadion, müasirtipli tələbə evi yerləşir. Bu gün dünyanın 12 ölkəsindən 350-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur.

Naxçıvan Avtomobil Zavodunda qeyd olunub ki, bu gün zavodda istehsal olunan avtomobillərə tələbat böyükdür. Zavod yaradıldığı 2008-ci ildən bəri müxtəlif modellərdə 5000-ə yaxın minik avtomobili istehsal edib. Bu zavod muxtar respublikada nümunəvi taksi nəqliyyatının təşkili üçün lazım olan avtomobillərin istehsalı baxımından mühüm rol oynayır. Bu gün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan” markalı 400-dən çox avtomobil respublika ərazisində taksi fəaliyyəti göstərir. Avtomobillərin bəzilərinin 1 milyon kilometrdən çox yol qət etməsinə baxmayaraq, onlarda heç bir problem yaranmayıb. Hazırda müəssisənin istehsal etdiyi avtomobillərə Naxçıvandan başqa, Bakıda və ölkəmizin bölgələrində də böyük tələbat var.

Heydər Əliyev Sarayında qonağa məlumat verilib ki, sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları var. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir. Sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki avadanlıqlar quraşdırılıb. Binada yerləşən Rəsm Qalereyasında bildirilib ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300-dən çox rəsm əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən “Ulu Öndər”, “Zərifə Əliyeva”, “21-ci əsr – Heydər Əliyev” əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir.

Regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetinə gələn Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. 2015-ci il sentyabrın 15-də - Bilik günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Bu gün universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib. Bu gün ali təhsil ocağı dünyanın 50-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir.

Batabat iqlim-kurort zonasında qonağa məlumat verilib ki, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunda hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. 2003-cü il iyun ayının 16-da ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə Şahbuz Dövlət Təbiət Qoruğunun yaradılması ilə bağlı Fərman imzalayıb. O vaxta qədər qoruq ərazisində olan heyvanların, quşların və bitkilərin bəzilərinin sayı az idi. Lakin qoruq elan olunan ərazidə dövlət qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində bu gün hətta nəsli kəsilməkdə olan heyvanların, quşların baş sayının artımı müşahidə olunmaqdadır. Fauna və floranın qorunması işində dövlət tərəfindən göstərilən qayğı ən böyük amildir.

Səfir Batabat yaylağındakı göllər ilə yaxından maraqlanıb. Diqqətə çatdırılıb ki, bu hidroloji abidələr eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur Üzən ada, Zorbulaq da burada yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir.

Naxçıvan Günəş Elektrik Stansiyasında qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş elektrik stansiyası quraşdırılıb. Məqsəd muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artırıb, ucuz elektrik enerjisi istehsalına imkan verib.

Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi, “Gəmiqaya Minerala Suları” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətləri, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Kompleksi, Şahbuz rayonunda fəaliyyət göstərən “İşgəsu” balıqçılıq təsərrüfatı, Ağbulaq İstirahət Mərkəzi ilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.