İQTİSADİYYAT


Belarus şirkətləri Xəzəryanı regionun “CASPIAN OIL & GAS 2017” neft-qaz sərgisində iştirak edəcəklər

Bakı, 23 may, AZƏRTAC 

Mayın 31-dən iyulun 3-dək Bakıda Beynəlxalq “CASPIAN OIL & GAS 2017” neft-qaz sərgisi keçiriləcək. Sərgidə Belarusun neft-kimya sahəsinin flaqmanları sayılan 5 şirkət də iştirak edəcək.

Belarus Respublikasının Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sərgidə “Belneftexim” konserninə daxil olan təşkilatlar: “Belorusneft” İstehsalat Birliyi, “Mozır neftayırma zavodu” ASC, “Naftan” ASC, “Belorusskaya neftyanaya kompaniya” QSC, habelə “Seysmotexnika” ASC öz ekspozisiyalarını nümayiş etdirəcəklər.

Ölkədə karbohidrogenlər axtarışı və kəşfiyyatı, habelə neft hasilatı sahəsində lider olan “Belorusneft” İstehsalat Birliyi bu sərgidə Azərbaycanın neft yataqlarında istifadə edilməsi üçün nəzərdə tutulan bir sıra texnologiyalar təqdim edəcək.

Belarusun ən iri neft-kimya kompleksləri olan “Naftan” ASC və “Mozır neftayırma zavodu” ASC sərgidə öz məhsullarını təqdim edəcəklər.

“Seysmotexnika” şirkəti quyuların qazılması və əsaslı təmiri üçün yükqaldırma qabiliyyəti 40-250 ton olan mobil komplekslərin, “Drillmec S.p.A” şirkəti ilə birlikdə və onun texnologiyası əsasında istehsal edilən, yükqaldırma qabiliyyəti 345 tona qədər olan stasionar və eşelon qazma qurğularının, habelə vibrasiyalı seysmik siqnal mənbələrinin imkanlarını nümayiş etdirəcək. “Seysmotexnika” şirkətinin məhsulları indiyə qədər Azərbaycan bazarında təmsil olunmasa da, bu məhsullar Venesuela, Rusiya, Türkmənistan, Özbəkistan və Ukraynada yaxşı məlumdur.

“Belorusskaya neftyanaya kompaniya” QSC-nin mütəxəssisləri “Neft və qaz, neft emalı və Xəzərin neft-kimyası” konfransında iştirak edəcəklər. “Belorusskaya neftyanaya kompaniya” QSC ölkədə neft məhsullarının aparıcı ixracatçısıdır. “Belorusskaya neftyanaya kompaniya” QSC-nin əmtəə yayım şəbəkəsi Böyük Britaniya, Latviya, Polşa, Rusiya və Ukraynada fəaliyyət göstərən törəmə şirkətləri əhatə edir.

“Belneftexim” konserninin kollektiv stendinin sərgi operatoru Belarus Ticarət-Sənaye Palatasının “Belinterekspo” unitar sərgi müəssisəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.