MƏDƏNİYYƏT
Belarus yazıçısının Azərbaycan dilində kitabı məktəblilərdə böyük maraq doğuracaq
Bakı, 9 oktyabr, AZƏRTAC
“Mütərcim” nəşriyyatı tanınmış Belarus yazıçısı Ales Karlyukeviçin “Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri” kitabını Azərbaycan dilində “Dünya uşaq ədəbiyyatı” qrifi altında çapdan buraxıb. 500 nüsxə tirajla buraxılmış kitab cəzbedici süjet xətti və dərin məzmunu ilə diqqəti cəlb edir. Kitabda filateliya və təbiətşünaslığa böyük maraq göstərən məktəbli Maksimkanın sərgüzəştlərindən danışılır. Onun təbiəti və heyvanat aləmini qorumaq üçün göstərdiyi fədakarlıq ibrətamizdir.
Əsərin əsas ideyasını da məhz Vətən sevgisi, doğma torpağın fauna və florasına olan diqqət və qayğı, təbiətin mühafizəsi, insanın təbiətə münasibəti təşkil edir. Kitab macəra-fantastik janrda qələmə alınıb, əsərdə təsvir olunan hadisələr maraq doğurur. Kitaba ön sözün müəllifi, eləcə də əsərin tərcüməçisi Kamran Nəzirlidir.
Qeyd etmək lazımdır ki, povest-nağılın müəllifi Ales Karlyukeviç həm də Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, “Zvezda” parlament qəzetinin baş redaktorudur. İstedadlı yazıçının Azərbaycanda nəşr edilmiş kitabı, heç şübhəsiz məktəblilərdə böyük maraq doğuracaq.