DÜNYA
Belarusda məhkumların ali təhsilə cəlb olunması praktikasını genişləndirmək planlaşdırılır
Minsk, 18 avqust, AZƏRTAC
Belarusda məhkumların ali təhsilə cəlb olunması praktikasının genişləndirilməsi nəzərdə tutulur. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Daxili İşlər Nazirliyinin (DİN) cəzaların icrası departamentinin rəisi Sergey Doroşko məlumat verib.
Departament 2014-cü ildən etibarən Qomel vilayətinin “Sosial layihələr” İctimai Birliyi ilə birlikdə “Təhsil qapıları açır” beynəlxalq layihəsini həyata keçirir. Bu layihə sayəsində məhkumlar “qeyri-rəsmi qurumun” təhsil xidmətlərinin geniş spektri ilə təmin olunurlar.
Sergey Doroşko deyib: “Qomeldəki 4 nömrəli cəzaçəkmə müəssisəsində (qadın koloniyasında) eksperiment qaydasında elektron təhsil mühitindən distant istifadə mərkəzi açılıb. Burada məhbuslara menecment, psixologiya, mühasibat uçotu və iqtisadiyyat ixtisasları üzrə distant qaydada ali təhsil almaq imkanı verilir. Bu müsbət təcrübə digər islah müəssisələrində də tətbiq olunacaq”.
Belarus DİN-in təmsilçisi qeyd edib ki, məhkumların peşəyə yiyələnməsi və sonradan cəmiyyətə qaytarılması üçün islah müəssisələrində onların texniki-peşə məktəblərinin filiallarında təhsili təşkil edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk