DÜNYA


Belarusda parlament seçkiləri keçirilir [YENİLƏNİB]

A+ A

Minsk, 11 sentyabr, AZƏRTAC

Belarusda seçkilər mütəşəkkil və sakit keçir. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bunu sentyabrın 11-də jurnalistlərə MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi, MDB-nin müşahidəçi missiyasının rəhbəri Sergey Lebedev bildirib.

S.Lebedev deyib: “Təəssüratlar müsbətdir. Sakit, yaxşı təşkil olunan seçki kampaniyası gedir. Məntəqələrin əksəriyyətində bayram ab-havası hökm sürür, hava da yaxşıdır. Əmin olduq ki, insanlar seçki məntəqələrinə yaxşı əhval-ruhiyyədə gedir".

Birliyin Parlamentlərarası Assambleyasının missiyası MDB-nin bütün ölkələrinə erkən səsverməni tətbiq etməni tövsiyə edəcək. Bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçi Nurullo Okilzoda bildirib. O deyib: “Belarusda seçicinin erkən səsvermə hüququ var. Bu çox rahatdır. Missiyamız bu normanın qanunvericiliyə əlavə olunmasını MDB Parlamentlərarası Assambleryası üzvü olan bütün ölkələrə tövsiyə edəcək. Çünki seçki günü heç də hamının səsvermə imkanı olmur”.

Belarusda parlament seçkiləri baş tutmuş sayılır. MSK-nın məlumatına görə, yerli vaxtla saat 14.00-dək seçici fəallığı 52.49 faiz təşkil edib.

16:21

Parlament seçkiləri 12 qapalı hərbi məntəqədə başa çatıb.

Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina bildirib. O qeyd edib ki, hazırda 12 qapalı hərbi məntəqədə səslərin hesablanmasına başlanılıb. Digər 10 məntəqədə - əsasən mülki şəxslərin və hərbçilərin yaşadığı şəhərciklərdə səsvermə saat 20.00-dək davam edəcək. Xəstəxana və sanatoriyalarda da səsvermə davam edir.

Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri vurğulayıb ki, seçki siyahısına daxil edilən bütün vətəndaşlar səs verdikdən sonra seçkilər yekunlaşacaq.

15:00

Bəzi xarici internet resursları Belarusdakı seçki kampaniyası zamanı destruktiv mövqe tutub.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bunu sentyabrın 11-də keçirdiyi mətbuat konfransında Belarusun informasiya naziri Liliya Ananiç bildirib. Nazir vurğulayıb: “Kütləvi informasiya vasitələri haqqında milli qanunvericilik icazə hədlərini dəqiq müəyyən edir. Hazırda nazirlikdə həmin informasiya sahəsi öyrənilir və bütün destruktiv təzahürlərə hüquqi qiymət veriləcək”.

L.Ananiç qeyd edib ki, seçki kampaniyası zamanı bu mövzunun işıqlandırılması üzrə KİV-lərin davamlı monitorinqi aparılıb. Nazir fəal işinə görə “Belarus Jurnalistlər İttifaqı” İctimai Birliyinə xüsusi təşəkkürünü bildirərək deyib: “Monitorinqin göstərdiyi kimi, dövlət KİV-lərində deputatlığa namizədlər üçün bütün şərait yaradılıb. Ölkəmizdə keçirilən seçki kampaniyasını tam obyektiv və əhatəli əks etdirmək üçün bütün tədbirlər görülüb”.

X X X

11:05

Sentyabrın 11-də Belarusda altıncı çağırış Milli Məclisin Nümayəndələr Palatasına seçkilər keçirilir.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb və 20:00-a qədər işini davam etdirəcək. Lakin hərbi hissələrdə, sanatoriyalarda, profilaktoriyalarda, istirahət evlərində, xəstəxanalarda və tibbi yardımı stasionar şəraitdə təmin edən digər səhiyyə təşkilatlarında seçici siyahısına daxil olan vətəndaşlar səs verdiyi halda, məntəqə komissiyaları səsverməni saat 20.00-dan da əvvəl bitmiş elan edə bilər.

Belarus Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi üzrə qısamüddətli və uzunmüddətli monitorinqin keçirilməsinə dair MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupu formalaşdırılıb. Onu tərkibi Azərbaycan da daxil olmaqla, yeddi ölkəni təmsil edən 40-dan çox beynəlxalq müşahidəçidən ibarətdir. Müşahidəçilər arasında deputatlar, ali qanunverici orqanların nümayəndələri, eləcə də MDB Parlamentlərarası Assambleyası Şurası Katibliyinin əməkdaşları və digər ekspertlər var.

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Birlik missiyasının tərkibində fəaliyyət göstərirlər. Bu gün onlar fərdi marşrutlara uyğun olaraq, Minsk, Qrodno, Brest, Vitebsk və Mogilev vilayətlərində, eləcə də xarici seçki məntəqələrində, o cümlədən Bakıda seçkiləri müşahidə edəcəklər.

Belarus ərazisindəki bütün seçki məntəqələrində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Erkən səsvermə zamanı seçki məntəqələrində ictimai asayişin pozulmasına dair heç bir pozuntu qeydə alınmayıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.