DÜNYA
Belarusda parlament seçkilərinə həsr edilmiş xüsusi layihəyə start verilib
Minsk, 11 avqust, AZƏRTAC
Belarus Teleqraf Agentliyi (BELTA) öz saytında Belarusda parlament seçkilərinə həsr edilmiş xüsusi layihəyə start verib.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, xüsusi layihə bir neçə bölmədən ibarətdir. Həmin bölmələrdə rəsmi sənədlər və seçki kampaniyasının gedişinə aid xəbərlər, seçkilər və respublika referendumları keçirilməsi üzrə Belarus Mərkəzi Komissiyasının məlumatları dərc edilir. Layihənin multimedia hissəsini infoqrafika, foto- və videomateriallar tamamlayır.
“Testlər” bölməsində istifadəçilər seçki prosesinin incəlikləri barədə biliklərini yoxlaya bilərlər. Deputatlığa namizədlər qeydiyyata alınandan sonra onların seçki dairələri üzrə siyahıları dərc ediləcək. Seçkilər günündə seçicilərin səsvermə məntəqələrinə gəlmələri barədə məlumatların və digər operativ informasiyanın saytda yerləşdirilməsi planlaşdırılır. Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını elan edəndən sonra seçilmiş deputatların siyahısı dərc ediləcək.
Xüsusi layihənin internet ünvanı belədir: http://parlament2016.belta.by/
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk