DÜNYA
Belarusda prezident seçkiləri: Ayrı-ayrı milli müşahidəçilər seçki məntəqələrində münaqişə yaratmağa çalışırlar
Minsk, 8 oktyabr, AZƏRTAC
Belarus prezidenti seçkilərində ayrı-ayrı milli müşahidəçilər seçki məntəqələrində qəsdən münaqişə yaratmağa çalışırlar. Bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının katibi Nikolay Lozovik oktyabrın 8-də jurnalistlərə məlumat verib.
Minskdəki 65 nömrəli seçki məntəqəsində vaxtından əvvəl səs verən N.Lazovik təəssüflə bildirib ki, vaxtından əvvəl səsvermənin keçirildiyi seçki məntəqələrinin heç də hamısında milli müşahidəçilərlə məntəqə komissiyalarının üzvləri ümumi dil tapa bilmirlər. Həm paytaxtda, həm də regionlarda münaqişəli vəziyyətlər yaranıb. O deyib: “Sirr deyildir ki, respublikamızda bəzi siyasi təşkilatlar lap əvvəldən qarşılarına Belarusda seçkilərin demokratik keçirilmədiyini, azadlığın və ümumiyyətlə seçkilərin olmadığını sübut etmək məqsədi qoyublar. Təbii ki, həmin təşkilatlardan olan müşahidəçilər bizim istədiyimiz funksiyaları yerinə yetirmirlər, yəni qüsurları üzə çıxarmağa və onları aradan qaldırmağa kömək etmirlər. Əksinə, hətta qüsurlar olmasa belə, seçki məntəqəsində münaqişə yaratmağa çalışırlar. Belə müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılırsa, deməli, o, öz məqsədinə çatıb – münaqişə yaradıb və onu ictimailəşdirib”.
Belarus MSK-nın katibinin sözlərinə görə, vaxtından əvvəl səsvermə zamanı müşahidəçilərin akkreditasiyadan məhrum edilməsi faktları qeydə alınıb. O bildirib ki, söhbət müşahidəçilərin komissiya üzvlərindən onların səlahiyyət çərçivələrini aşan şeylər tələb etmələri və rədd cavabı almaları ilə müşayiət olunan tək-tək hallardan getmir.
N.Lazovik deyib: “Xarici müşahidəçilərlə daha diplomatik münasibətlərimiz var. Onlar bir qayda olaraq öz səlahiyyətləri çərçivələrindən kənara çıxmırlar”.
Belarus Prezidenti seçkiləri oktyabrın 11-də keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk