DÜNYA
Belarusda senator seçkiləri başlanıb
Minsk, 25 avqust, AZƏRTAC
Bu gün, avqustun 25-də altıncı çağırış Belarus Milli Məclisinin Respublika Şurası üzvlərinin seçkiləri başlanıb.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus parlamentinin yuxarı palatasına seçki kampaniyasının hazırlanması və keçirilməsi ilə bağlı təşkilati tədbirlərin təqvim planına uyğun olaraq seçkilər avqustun 25-dən sentyabrın 13-dək, yəni cari çağırış Respublika Şurasının səlahiyyət dövrünün başa çatmasına 35 gün qalana qədər keçiriləcək. Senator seçkiləri hər bir vilayətdə baza səviyyəli yerli deputatlar sovetlərinin və Minsk şəhər sovetinin iclaslarında gizli səsvermə yolu ilə bərabər və dolayı seçki hüququ əsasında keçirilir. Mərkəzi seçki komissiyası Respublika Şurası üzvlərinin seçkilərini sentyabrın 30-dan gec olmayaraq yekunlaşdıracaq və seçilmiş senatorları qeydiyyata alacaqdır.
Respublika Şurası Belarus parlamentinin yuxarı palatasıdır. Onun tərkibinə 64 senator daxildir. Şuranın 56 üzvü yerli sovetlər və Minsk şəhər soveti tərəfindən hər vilayətdən və Minskdən 8 üzv olmaqla seçilir, qalan 8 senator isə ölkə prezidenti tərəfindən təyin edilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk