SİYASƏT
Belarusda və Moldovada yaşayan azərbaycanlılar ÜAK-ın ləğv ediləcəyi ilə bağlı məlumatlardan narahatdırlar
Bakı, 6 aprel, AZƏRTAC
Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını bildirir. Belarus azərbaycanlıları hesab edirlər ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini bildirən təşkilat üzvləri qeyd edirlər ki, Konqres on ildən artıqdır iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdır ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətinin Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir”, – deyə Belarus azərbaycanlıları qeyd edirlər.
Bəyanatda deyilir: “Biz, Belarusda yaşayan azərbaycanlılar digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətlərə malikik və birlikdə çoxlu tədbirlər, aksiyalar keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz”.
“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək.
x x x
Moldova Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib. Müraciətdə ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir. Qeyd olunur ki, 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Müraciətdə, eyni zamanda, ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır.
Moldova Azərbaycanlıları Konqresi əminliklə qeyd edir ki, ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşməsinə öz töhfələrini verib.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyasının müvafiq qurumlarının hər iki ölkənin milli maraqlarına uyğun olaraq obyektiv və ədalətli qərar verəcəyinə ümid edir. Moldova Azərbaycanlıları Konqresi inanır ki, ÜAK-la bağlı veriləcək doğru qərar iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.