İQTİSADİYYAT
“Belarusski” ticarət şəbəkəsi Bakıda mağazalarının sayını artırmağı planlaşdırır
Bakı, 18 may, AZƏRTAC
“Belarusski” ticarət şəbəkəsi Bakıda mağazalarının sayını artırmağı planlaşdırır.
“Krasnıy pişevik” qənnadı fabriki Belarus Respublikasının qənnadı sənayesinin qədim müəssisələrindən biridir. Müəssisə zefir, marmelad və şirniyyat istehsalı üzrə ixtisaslaşıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində keçirilən XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərinin iştirakçısı, fabrikin direktorunun köməkçisi Denis Belyantsev deyib.
Onun sözlərinə görə, müəssisənin bütün məhsulları klassik texnologiya üzrə, təbii xammaldan istifadə etməklə hazırlanır, ona görə də, unikal dad və qida keyfiyyətlərinə malikdir.
Fabrikin mütəxəssisləri tərəfindən bazar tələblərini nəzərə alaraq məhsulun çeşidlərinin genişləndirilməsi, dizayn və qablaşdırılma materiallarının təkmilləşdirilməsi üçün daim iş aparılır. İstehsalçıların istəyini nəzərə alaraq, məhsullar qablaşdırılmış və ya açıq halda buraxılır.
Denis Belyantsev əlavə edib ki, Bakıda təmsil etdiyi fabrikin nümayəndəliyi, eləcə də, Nizami, Səbail və digər rayonlarda “Belarusski” mağazalar şəbəkəsi fəaliyyət göstərir. Ümumilikdə isə gələcəkdə mağazaların sayının artırılması planlaşdırılır.