SİYASƏT
Belarusun “Azərbaycan İcmaları Konqresi” ölkənin mərkəzi və regional KİV-ləri ilə sıx əlaqə saxlayır
Minsk, 13 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Minskdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş “Belarusda KİV-lər: Söz sülhə xidmət edir” adlı XIX Beynəlxalq sərgi keçirilib.
Bu tədbirdə Belarusun “Azərbaycan İcmaları Konqresi” (AİK) Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov, onun müavinləri İlham Hacıyev, Vüqar Sadıqov, habelə diasporumuzun fəalları iştirak ediblər. Bu barədə AZƏRTAC-a AİK-in mətbuat xidmətindən məlumat veriblər.
Sərgi çərçivəsində millətlərarası və konfessiyalararası münasibətlər, Belarusda mədəniyyətlərarası dialoq və xarici ölkələrdəki həmvətənlilər ilə əməkdaşlıq məsələlərinin ən yaxşı işıqlandırılmasına görə jurnalistlər və KİV nümayəndələri arasında respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Millətlərarası və konfessiyalararası münasibətlərin işıqlandırılmasında fəal iştirak etdiyinə görə bir sıra informasiya agentliklərinin və qəzetlərin fəaliyyəti qeyd olunub.
“Minski kuryer” qəzeti artıq üç ildir “Biz birlikdəyik” adlı layihə həyata keçirir. Bu layihə diaspor nümayəndələrindən, o cümlədən Belarusun paytaxtında Azərbaycan icmasının həyatından söz açır.
AİK rəhbərliyi Belarusda diasporumuzun fəaliyyətini işıqlandıran jurnalistlərə hədiyyələr və mükafatlar təqdim edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk