İQTİSADİYYAT
Belarusun kənd təsərrüfatı sahəsində layihələrinin ən böyük ekspozisiyası “Caspian Agro 2015” sərgisində təqdim olunacaq
Bakı, 28 aprel, Laçın Sultanova, AZƏRTAC
Mayın 21-dən 23-dək Bakıda keçiriləcək “WorldFood Azerbaijan” XXI Beynəlxalq Qida Sənayesi və “Caspian Agro” IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində təşkil olunacaq Belarus Respublikasının milli ekspozisiyası çərçivəsində bu ölkənin elmi və sənaye müəssisələri öz layihələrini və avadanlığını təqdim edəcək.
Belarusun Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, daim müsbət dinamika ilə xarakterizə olunan, hər iki respublikanın prezidentlərinin və hökumət başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənmiş Belarus-Azərbaycan münasibətlərinin mühüm əhəmiyyəti nəzərə alınaraq, Belarus hökuməti nümayəndə heyətinin sərgiyə Baş nazirin müavininin rəhbərliyi altında gəlməsi gözlənilir.
Belarus Respublikasının Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin kollektiv stendində ölkənin Təhsil Nazirliyinin və Milli Elmlər Akademiyasının qida sənayesi və kənd təsərrüfatı sahəsində elmi-texniki layihələri təqdim olunacaq.
Milli ekspozisiyanın əsasını isə meyvə-tərəvəz məhsullarının qəbulu, satış qabağı emalı və hazırlanması üçün texnoloji xəttin nümayişi təşkil edəcək. Texnoloji xətt 80 kvadratmetr (16x5 metr) sahəni əhatə edərək sərgi mərkəzinin açıq meydanında quraşdırılacaq və elektrik mənbəyinə qoşulacaq. Avadanlıq real zaman rejimində özünün imkanlarını göstərəcək. Bu xətt Azərbaycanda ilk dəfədir ki, nümayiş etdiriləcək.
Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin stendində, həmçinin qida və kənd təsərrüfatı sənayesi üçün texnologiyalar, materiallar, avadanlıq; hipoallergen süd məhsullarının alındığı biotexnologiyalar; səpinqabağı toxumların emalı texnologiyası, biopestisidlər, bitkilər üçün kompleks preparatlar; yeni növ un yarımfabrikatların, un və buğda məhsullarının texnologiyaları; tərəvəzin, meyvə-giləmeyvənin və ağacların göbələk və bakterial xəstəliklərdən qorunması üçün bioloji preparatlar; bitkilərin boy artımı üçün biopreparatlar; neft və onun emal məhsullarından çirklənmiş torpağın təmizlənməsi və rekultivasiyası üçün biosorbsiya məhsulları nümayiş olunacaq.
Belarus Respublikası Sənaye Nazirliyinin kollektiv stendinin 26 kvadratmetrlik pavilyonda “Qomselmaş”, “Amkodor”, “Minskiy motornıy zavod”, “Qomelskiy zavod litya i normaley” və “Torqmaş” ASC-ləri öz imkanlarını təqdim edəcək.
Açıq sahədə kənd təsərrüfatı texnikasının ekspozisiyası təşkil olunacaq. Ekspozisiyada “Minsk traktor zavodu” ASC-nin traktorları, “Qomselmaş” ASC-nin “Palesse” yemlərini hazırlama kompleksi, “Amkodor” ASC-nin fırlanan borta malik yükvuranı və ekskavator-yükvuranı, “Upravlyayuşaya kompaniya xoldinqa “Bobruyskaqromaş” ASC-nin press-çeşidləyicisi, “Smorqonskiy aqreqatnıy zavod” ASC-nin traktorları və motoblokları, “BZTD i A” ASC-nin “Belarus 320.4” traktoru sərgilənəcək.
Ümumi sahəsi 600 kvadratmetr olan ekspozisiya milli üslublu elementlərindən istifadə olunmaqla hazırlanacaq. Tədbirlərdə Belarusun təxminən 80 müəssisə və təşkilatı təqdim olunacaq. Milli ekspozisiya Bakıda Belarusun 2015-ci ilin birinci yarısı üzrə xaricdə ən iri ekspozisiyası olacaq.
Milli ekspozisiyanın hazırlanması ilə Belarus Ticarət-Sənaye Palatasının “Belinterekspo” unitar müəssisəsi məşğul olur. Müəssisəyə Belarusun ölkəmizdəki səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) kömək edir.
“Belinterekspo” unitar müəssisəsi Belarusun xarici ölkələrdə milli sərgilərinin, eləcə də ölkə daxilində xarici dövlətlərin milli sərgilərinin təşkili və bir sıra xüsusi beynəlxalq sərgi layihələrinin həyata keçirilməsi ilə məşğul olur.