SİYASƏT
Belarusun paytaxtında MDB ölkələrinin Daimi Nümayəndələri Şurasının növbəti iclası olub
Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası olub. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.
Daimi səlahiyyətli nümayəndələr MDB Xarici İşlər Nazirləri Şurasını (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) bu il oktyabrın 9-da və 10-da Minskdə keçirilmiş iclaslarına yekun vurublar.
Sonra daimi nümayəndələr qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində Şuranın və MDB İcraiyyə Komitəsinin qarşısında duran vəzifələri müzakirə ediblər. Həmin vəzifələrin səmərəli surətdə yerinə yetirilməsi üçün hər cür lazımi tədbirlər görmək qərara alınıb.
Şuranın iclasında ikinci məsələ miqrasiya sahəsində əməkdaşlıq məsələlərinə dair MDB çərçivəsində qəbul olunmuş sənədlərin həyata keçirilməsi gedişinin müzakirəsi olub.
Qeyd edilib ki, Birlikdə miqrasiya sahəsində dövlətlərarası əməkdaşlıq üçün lazımi təşkilati və hüquqi əsas yaradılıb.
İclasda xüsusi vurğulanıb ki, ümumi iqtisadi məkanın zəruri tərkib hissəsi kimi ümumi əmək bazarının yaradılması MDB ölkələrinin qarşılıqlı faydalı zəmin üzərində iqtisadi yüksəlişinin mühüm amili olacaq, Birlik məkanında inteqrasiya proseslərinin inkişafına kömək göstərəcəkdir.
Daimi Nümayəndələr Şurasının üzvləri MDB-nin müvafiq sahə orqanlarına Birliyin gələcək inkişaf konsepsiyasının, miqrasiya sahəsində dövlətlərarası orta müddətli proqramların və digər sənədlərin realizasiyası sahəsində tədbirlərin yerinə yetirilməsinə yönəldilmiş birgə əməli fəaliyyəti daha da genişləndirməyi, vaxtında icra olunmamış tədbirlərə xüsusi diqqət yetirtməyi tövsiyə ediblər.
İclasda iştirak etmiş MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini–icraçı katib Vladimir Qarkun iştirakçılara MDB Hökumət Başçıları Şurasının bu il noyabrın 21-də Aşqabadda keçiriləcək iclasına hazırlığın gedişi barədə məlumat verib.
Birlik ölkələrinin Daimi Nümayəndələr Şurasının növbəti iclasını noyabrın 25-də keçirmək qərara alınıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk