DÜNYA


“Belavia” payızda sərnişinlər üçün tarifləri endirməyi planlaşdırır

A+ A

Minsk, 29 iyul, AZƏRTAC

“Belavia” payızda sərnişinlər üçün tarifləri endirməyi planlaşdırır. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu iyulun 29-da jurnalistlərə şirkətin baş direktoru Anatoli Qusarov bildirib.

Baş direktorun sözlərinə görə, “Belavia” tariflərin endirilməsi üzərində işləyir. A.Qusarov deyib: “Güman edirəm ki, payızda yeni təyyarələrin istismara verilməsi ilə əlaqədar sərnişinlərə, demək olar, bütün istiqamətlər üzrə daha aşağı tariflər təklif edəcəyik”. Baş direktor əlavə edib ki, “Belavia” gəlirlə başa çatan ilin birinci yarısının yekunlarından razıdır.

A.Qusarov şirkətin rebrendinqinin gedişi barədə suala cavabında deyib ki, bu iş başa çatır. “Belavia”nın mütəxəssisləri hazırda ABŞ-dadırlar. O deyib: “Avqustun 15-də biz yeni görünüşdə ilk təyyarəni qəbul edəcəyik”.

Gözlənildiyinə görə, ikinci “Boeing 737-800” sentyabr ayında, üçüncüsü noyabr ayında Minskdə eniş edəcək. “Ekonom-klass” tipli təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub. Aviaşirkət onlardan mövcud dörd çarter marşrutunda istifadə etməyi planlaşdırır. Təyyarələrin yüksək iqtisadi səmərəliliyi əməliyyat xərclərini azaltmağa, uçuş məsafəsinin artırılması isə uzun birbaşa marşrutlara imkan yaradacaq. “Belavia”nın rebrendinqi təkcə təyyarələrin rənglərini, təyyarə bələdçilərinin və uçuş heyətinin uniformasını deyil, həm də işin təşkilinin dəyişdirilməsini nəzərdə tutur. Təyyarədə qidalanmaya xüsusi diqqət yetiriləcək. Təyyarələrin rənglənməsinə gəlincə, rebrendinqdən sonra bunun köklü şəkildə dəyişəcəyi gözlənilir. Daha əvvəl aviaşirkətdən bildiriblər ki, yeni rəng qamması Belarusun milli rənglərinə yaxın olacaq. “Belavia”nın rebrendinqinin vizual konsepsiyasının hazırlanmasını “Boeing” şirkəti maliyyələşdirib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.