SİYASƏT
Belçika qəzetində azərbaycanlı deputatın Ermənistanın işğalçılıq siyasətindən bəhs edən müsahibəsi dərc olunub
Brüssel, 28 dekabr, AZƏRTAC
Belçikanın ermənipərəst mövqeyi ilə seçilən “l’Echo” qəzetində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayevin müsahibəsi dərc olunub.
Müsahibə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın 2016-cı ilin avqust ayında bu qəzetdə çıxmış müsahibəsinə cavab olaraq dərc edilib. Müsahibəni qələmə almış müəllifin bir sıra qərəzli şərhlərinə baxmayaraq, yazıda Azərbaycanın haqlı mövqeyini əks etdirən vacib məqamlar açıq şəkildə ifadə olunub. Belə ki, müsahibədə R.Rzayev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edildiyini, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğunu, beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçı siyasətindən xəbərdar olduğunu vurğulayır. O, 1992-ci ildə Xocalı şəhərinin 613 sakininin qətlə yetirildiyini və bu hadisəni törədənlər arasında elə Bako Saakyanın da olduğunu qeyd edir. R.Rzayev anadan olduğu Şuşa şəhərinin də 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladır.
Deputat, habelə bu ilin aprel ayında cəbhə xəttində yaşanmış qarşıdurmanın Ermənistanın növbəti təxribatı nəticəsində baş verdiyini, bunun Ermənistan tərəfindən əvvəlki hallarla müqayisədə daha geniş miqyasda həyata keçirildiyini diqqətə çatdırır.
R.Rzayev sonda azərbaycanlı icmanın Dağlıq Qarabağa qayıdaraq erməni icması ilə birgə dinc şəraitdə yaşamağa hazır olduğunu vurğulayır və bu xüsusda həmin icmanın nümayəndəsi qismində erməni icmasını dialoqa dəvət edir.
Qeyd edək ki, sözügedən müsahibə Belçikanın erməni icmasının geniş narazılığına səbəb olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel