REGİONLAR


Belçika səfiri Naxçıvan Dövlət Universitetində yaradılan şəraitlə tanış olub

Naxçıvan, 7 iyul, AZƏRTAC

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

AZƏRTAC xəbər verir ki, universitetlə tanışlıq zamanı səfir əvvəlcə informasiya-kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olub, media mərkəzində Universitet Televiziyasında verilişlərin hazırlanması, onlayn dərslərin yazılması prosesini izləyib, çəkilişlərin aparıldığı studiyaya baxıb.

Sonra universitetdə keçirilən görüşdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti TEMPUS və Erasmus+ beynəlxalq təhsil proqramları üzrə müxtəlif layihələrin fəal iştirakçılarından biridir və həmin layihələr çərçivəsində İspaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya və digər ölkələrin universitetləri ilə müəllim-tələbə mübadiləsi aparır. Hazırda universitetdə təhsil alan xarici tələbələrin sayı 250-yə yaxındır.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Seymur Talıbov qonağı salamlayıb, universitetin tədris imkanları və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvanda Avropa standartlarına cavab verən və geniş beynəlxalq əlaqələrə malik universitetin fəaliyyət göstərməsini təhsil sahəsindəki böyük nailiyyət kimi dəyərləndirib, bunun ali təhsil ocaqları arasında əlaqələrin qurulması üçün geniş imkanlar açdığını bildirib.

Sonda xatirə şəkli çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.