İDMAN
Belçika və Serbiyanın qadın voleybolçuları sonuncu yarımfinalçını müəyyənləşdirmək üçün mübarizə aparırlar [YENİLƏNİB] VİDEO
Hazırda Belçika və Serbiyanın qadın voleybolçuları sonuncu yarımfinalçını müəyyənləşdirmək üçün mübarizə aparırlar.
20:.35
Üçüncü setdə təşəbbüsü tamamilə ələ alan Azərbaycan voleybolçuları 25:13 hesabı ilə qələbə qazanıblar. Görüşdə 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması yarımfinala vəsiqə qazanıb. Yarımfinalda komandamızın rəqibi Türkiyə millisi olacaq.
20:06
Gərgin idman mübarizəsi şəraitində keçən ikinci setdə də Azərbaycan voleybolçuları 25:23 hesabı ilə qalib gəliblər.
19:30
Birinci setdə üstün oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:21 hesabı ilə qalib gəliblər.
19:00
Azərbaycanın qadın voleybolçuları dörddəbir finalda Niderland millisi ilə qarşılaşırlar.
Oyundan əvvəl hər iki komandanın dövlət himni səsləndirilib.
Qarşılaşmanın birinci hakimi Jativa Rodriguez, ikinci hakim isə Filip Şürmandır.
Komandamızın heyətində meydana Kseniya Poznyak, Oksana Kurt, Adina Bayramova, Ayşən Əbdüləzimova, Janna Matiasofska-Ağayeva, Valeriya Məmmədova, Polina Rəhimova çıxıblar.
18:09
Qadınlar arasında voleybol yarışlarının ikinci yarımfinalçısı da məlum olub.
Türkiyə və Rusiya voleybolçuları yarımfinala vəsiqə qazanmaq üçün gərgin mübarizə aparıblar. Görüşdə 4 set oynanılıb. Daha inamlı oyun nümayiş etdirən Türkiyə voleybolçuları 3:1 (25:18, 23:25, 25:22 və 25:19) hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəliblər.
15:31
Gərgin keçən qarşılaşmada polşalı voleybolçular 3:2 (25:23, 25:17, 18:25, 14:25 və 15:10) hesabı ilə qələbə qazanıblar. Bununla da Polşa millisi qadınlar arasında yarışların yarımfinalına ilk vəsiqə qazanan komanda olub.
13:47
Bakı, 23 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 23-də “Baku Crystall Hall”da qadınlar arasında voleybol yarışlarının dörddəbir final mərhələsinin görüşləri başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk oyun Polşa və Almaniya komandaları arasında keçirilir. Görüşün hakimi həmyerlimiz Eldar Əliyevdir. İkinci hakim isə italiyalı Daniele Raprisardadır.
Gün ərzində dörddəbir final mərhələsində Türkiyə-Rusiya, Azərbaycan-Niderland və Belçika-Serbiya qarşılaşmaları oynanılacaq.