DÜNYA
Belçika vətəndaşı lotereyada 23,5 milyon avro udub
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 14-də Belçika sakini Avropanın “EuroMillions” lotereyasında 23,5 milyon avro udub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hər il Belçikanın bir neçə sakini “EuroMillions” lotereyası sayəsində milyonçu olur. 2016-cı ilin oktyabrında Brüsseldə küçə təmizləyən xidmətçi bu lotereyada krallıq tarixinin ən böyük məbləğini - 168 milyon avroluq cek-potu udmuşdu.
“EuroMillions” lotereyasının ilk tirajı 2004-cü il fevralın 13-də üç ölkədə - Fransa, İspaniya və Böyük Britaniyada keçirilib. Həmin ilin oktyabr ayında onlara daha altı ölkə - Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya qoşulub. Uduşlardan yalnız İsveçrədə vergi tutulur. Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Ümumilikdə 200 milyon insan lotereyada iştirak edir.
Əyləncə sənayesini nizamlama komissiyasının məlumatına əsasən, Belçika əhalisi təkcə 2013-cü ildə qumar oyunlarına 964 milyon avro xərcləyib. Əgər bu məbləğə belçikalıların milli lotereyaya sərf etdikləri 570 milyon avro da əlavə olunsa, krallıq vətəndaşlarının qumara qoyduğu məbləğ 1,5 milyard avronu ötür.