İQTİSADİYYAT
Belçikada “Azərbaycan: biznes və imkanlar diyarı” sənədli filminin təqdimatı keçirilib VİDEO
Brüssel, 9 iyul, AZƏRTAC
Belçikanın Asse şəhərində “US-Television” şirkəti tərəfindən ölkəmizin biznes imkanları haqqında çəkilmiş “Azərbaycan: biznes və imkanlar diyarı” adlı sənədli filmin təqdimatı keçirilib.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin ikinci katibi Samir Əbdürəhimov tədbirdə çıxış edərək iştirakçılara ölkəmizin iqtisadiyyatı haqqında məlumat verib. O, Azərbaycan ilə Belçika arasında mövcud əməkdaşlıqdan, o cümlədən ölkələrimizin işgüzar dairələrinin müntəzəm şəkildə keçirilən forumlarından bəhs edib.
Azərbaycan haqqında film Fox-5 New York telekanalında yayımlanıb.
“US-Television” qərargahı Londonda yerləşən müstəqil televiziya şirkətidir. Bu şirkət ABŞ televiziyası, xüsusilə də FOX kanalı üçün biznesyönümlü verilişlərin istehsalı ilə məşğuldur. Həmin verilişlər müxtəlif ölkələrin biznes və investisiya imkanlarını işıqlandıraraq beynəlxalq iqtisadi əməkdaşlığın təşviqinə xidmət edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel