İDMAN
Belçikalı basketbol ulduzu: Avropa Oyunlarında qızıl medal qazanmaq üçün oynayacağıq
Bakı, 1 mart, AZƏRTAC
Belçikalı Hind Ben Abdelkader basketbolun 3x3 növündə ən yaxşı gənc qadın oyunçularından biri hesab edilir. 19 yaşındakı idmançı yüksək reytinqli İspaniya liqasının “Cadi La Seu d`Urgell” komandasında oynayır. Əslən Brüssel şəhərindən olan basketbol ulduzu, həmçinin reytinqdə dünya basketbolunun 3x3 növündə bir nömrəli qadın oyunçulardan hesab edilir.
Qitədə dörd dəfə ilin oyunçusu seçilən və basketbolun bu növü üzrə qadınlar arasında Avropa liqasında çempion olan Ann Vauters, eləcə də Sara Leemans və H.B.Abdelkaderdan ibarət olan Belçika komandası “Bakı-2015” birinci Avropa Oyunlarında fəxri kürsünün yüksək pillələrinə qalxmağa namizəddir.
H.B.Abdelkader Bakıda yarışmağın onun üçün böyük təcrübə olacağını bildirərək deyib: “Avropa Oyunları çoxnövlü idman yarışlarıdır. Bu, bizə yaxşı təcrübə qazandıracaq. 3x3 basketbolun inkişaf edən bir növüdür. Biz basketbolun 3x3 növünün Olimpiya Oyunlarının proqramına daxil olmasını istəyirik və Bakıdakı yarışlar buna doğru ilk addım olacaq”.
Basketbolçu deyib ki, Belçika liqasında ötən ilin ən yaxşı oyunçusu seçilən Sara Leemans və basketbol əfsanəsi olan Ann Vauters ilə birgə komanda yaradıblar. “Hesab edirəm ki, birgə böyük nailiyyətlər qazana bilərik və Belçika komandasının Avropa Oyunlarında məqsədi medal qazanmaqdır” – deyə idmançı vurğulayıb.
H.B.Abdelkader Bakıda olmağı, Belçika komandasının tərkibində basketbolun 3x3 növündə ilk Avropa Oyunlarında iştirak etməyi səbirsizliklə gözlədiyini bildirib.